×
A
A
A
Sazlamalar

Fizika və rus dili fənləri üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib

Bakı, 26 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində fizika və rus dili fənləri üzrə qəbul və buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ilk mərhələsinin beşinci məşğələsi keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, hazırlıq kursları DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn formatda təşkil edilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər.
Fizika fənni üzrə moderator Əlövsət Rəcəbli ali təhsil müəssisələrinə qəbul imtahanları üçün situasiya tapşırıqlarının və onların meyarlarının hazırlanması, rus dili fənni üzrə moderator Viktoriya Ələkbərova isə qəbul imtahanları üçün mətn tapşırıqlarının və onların meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Beləliklə, kursun birinci mərhələsi başa çatıb. İştirakçılara ev tapşırığı verilib. Növbəti məşğələdə ev tapşırıqlarının müzakirəsi aparılacaq.

Elm və təhsil 2022-05-26 16:33:00