Siyəzənli məktəblilər “ağ ölüm” haqqında maarifləndirilir
Siyəzən, 26 may, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə “Narkomaniyaya yox deyək!” mövzusunda keçirilən maarifləndirici tədbirdə məktəblilər “ağ ölüm”ün törətdiyi fəsadlar və ona qarşı mübarizə tədbirləri ilə bağlı məlumatlandırılıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən rayonunun Feyruz Cəlilov adına Məşrif kənd tam orta məktəbində keçirilən görüşdə Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin əməkdaşları - polis mayoru Rahim Qasımov, baş leytenant Babək Güləliyev narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə iştirakçıları məlumatlandırıblar. Həmçinin ötən il Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərlə mübarizə tədbirləri sahəsində görülmüş işlərdən danışılıb və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.
Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) məsul əməkdaşı Aqil Əbdülov, Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, RİH başçısının Məşrif inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kənan Əliyev çıxış edərək ölkəmizdə gənc nəslin sağlam böyüməsinə xüsusi qayğı ilə yanaşıldığını, narkomaniyaya qarşı ardıcıl mübarizə aparıldığını diqqətə çatdırıblar.
Vurğulanıb ki, pedaqoji kollektivlər məktəblilərin davranışlarını müntəzəm izləməli, siqaret çəkən və digər xoşagəlməz hərəkətlərə yol verən şagirdləri müəyyənləşdirərək aidiyyəti orqanlara vaxtında məlumat verməlidirlər.
Çıxışlarda uşaqların zərərli vərdişlərdən mühafizəsi üçün hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyi bildirilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, məktəblilərin əl işlərindən ibarət “Narkomaniyaya yox deyək!” mövzusunda rəsm sərgisi və narkomaniyanın fəsadlarından bəhs edən film təqdim olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövlətçilik tariximizin qürurverici səhifəsidir
Lənkəranda “Qan ver, həyat xilas et!” şüarı altında gənc könüllülər qan verib
Bərdədə keçirilən qanvermə aksiyasında 23 nəfər gənc könüllü qan verib