×
A
A
A
Sazlamalar

BDU-da elmi seminar: Şuşa folklor örnəkləri

Bakı, 26 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Şuşa folklor örnəkləri” mövzusunda elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarı giriş sözü ilə açan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova Şuşa folklorunun toplanması, nəşri və tədqiqatının önəmindən bəhs edib. Qeyd edib ki, Qarabağ folkloru digər bölgələrimizin folkloru ilə qaynayıb qarışır, regional fərqlərini itirmə təhlükəsini yaşayır. Təkcə Şuşanın əhalisi respublikamızın 65 inzibati ərazi vahidində yerləşib. Məhz buna görə də bu sahəyə xüsusi diqqət ayrılmalıdır. Şuşadan didərgin düşən əhalinin Azərbaycanın digər bölgələrində dağınıq halda yerləşməsi onların folklorunu toplamaq işini də çətinləşdirir.
Şuşanın tarixinə nəzər salan tədqiqatçı ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərdiyini, eləcə də erməni iddialarını hər zaman iflasa uğratdığını söyləyib. Bildirib ki, 28 il sonra haqq-ədalət öz yerini tapıb, rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı və işğal altında olan digər torpaqlarımızı azad edib.
Seminarda Şuşanın məişəti ilə bağlı folklor örnəklərindən – toy, Novruz bayramı, Xıdır Nəbi, “Qodu-qodu” mərasimi, inanclar, Xarıbülbül ilə bağlı əfsanələrdən söz açılıb.
Sonda məruzəçi sualları cavablandırıb. Kafedranın professor-müəllim heyəti çıxışla bağlı fikirlərini bölüşüb.

 

 

Elm və təhsil 2022-05-26 14:29:00