×
A
A
A
Sazlamalar

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən aviaşou bu mötəbər tədbirin ən yaddaqalan hadisələrindən biri olub

Bakı, 26 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində qardaş Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou bu mötəbər tədbirin ən yaddaqalan hadisələrindən biri olub.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbaninin təqdimatında möhtəşəm hava şousu ilk dəfə eyni təyyarədə uçuş edən qardaş Azərbaycan və türk pilotlarından ibarət aerobatika heyətlərinin keçidi ilə başlayıb. Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirovun başçılıq etdiyi Mİ-17 helikopterlər üçlüyü ilk olaraq Türkiyə və Azərbaycan respublikalarının dövlət bayraqlarını və “TEKNOFEST” festivalının bayrağını Bakı səmasında dalğalandırıb.
Sonra Mİ-24 helikopterləri üçlüyü, MFİ-17 (“Super Muşşaq”) təlim təyyarələrindən ibarət üçlük, aviabazalarda təyyarəçilərin uçuş qabiliyyətinin daim yüksəldilməsinə xidmət edən reaktiv mühərrikli L-39 təlim təyyarələri üçlüyü, hava məkanında aviasiyanın hakimliyini qoruyub saxlayan, hücum təyyarələrini və digər quru qoşun birləşmələrinin havadan qorunması və himayəsində müstəsna rol oynayan çoxməqsədli, səsdən iti MİQ-29 qırıcı təyyarələr üçlüyü, yerüstü hədəflərə dağıdıcı zərbələr endirən hücumçu SU-25 təyyarələr qrupu öz nümunəvi uçuşları ilə tamaşaçıları salamlayıb.
MİQ-29 təyyarələr qrupundan ayrılan “Qarabağ” ordenli qəhrəmanımız polkovnik Zaur Rüstəmov yenidən ali pilotaj fiqurlarını nümayiş etdirmək üçün aviaşou keçirilən hava məkanına qayıdıb və sıçrama, çevrilmə, qalxan, sərt həlqə, sıçramada çəllək və minimal sürətli keçid edib və bu göstərilər hər bir festival iştirakçısının böyük marağına səbəb olacaqdır.
Qardaş Türkiyənin Hərbi Hava Qüvvələrinin “ATAK”, “AKINCI-SLTRK”, “HÜRKUŞ” təyyarələri, eləcə də “Solo Türk” və “Türk Ulduzları”nın nümunəvi uçuşları tamaşaçıları valeh edib.
“Türk Aviasiya və Kosmik Sənaye” şirkətinin istehsalı olan “HÜRKUŞ” təyyarəsində ön pilot Murad Ösbala olub. Digər pilot isə Azərbaycan Hərbi Hava Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra “HÜRKÜŞ” aerobatika komandasında xidmət edən ilk azərbaycanlı test-pilot, ehtiyatda olan polkovnik Xəlil Yusubovdur.
Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 və MİQ-29 qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim ediblər. Milli şahinlərimiz də qardaş Türkiyənin pilotları ilə yanaşı, mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gəlib və bu dəfə də tamaşaçıları heyran ediblər.
“Ay-ulduz”lu türk bayrağını əngin səmalarda əzəmətlə dalğalandıran qəhrəman türk pilotları ilə yanaşı, bu gün İkinci Qarabağ savaşında Azərbaycanın üçrəngli bayrağını tarixi və əbədi torpaqlarımız olan cənnət Qarabağımızda, Şuşanın səmalarında qürurla dalğalandıran milli şahinlərimiz də məharət və peşəkarlıqları ilə tamaşaçıları heyran qoyublar.

Cəmiyyət 2022-05-26 14:31:00