×
A
A
A
Sazlamalar

Media nümayəndələri qazilərə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar

Bakı, 26 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, kütləvi-informasiya vasitələrinin nümayəndələri 44 günlük Vətən müharibəsi qazilərinə mərkəzdə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olublar.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən son illərdə müasir tələblərə uyğun qurularaq istifadəyə verilən reabilitasiya mərkəzləri şəbəkəsi Vətən müharibəsində yaralanmış qazilərin bərpa müalicəsi və sosial-psixoloji xidmətlərlə təminatında xüsusi əhəmiyyət kəsb edir.
Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində müharibədə yaralanmış qazi və yaxınlarının, habelə şəhid ailəsi üzvlərinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir. Artıq 2500-dən artıq şəxs həmin xidmətlərlə əhatə olunub. Təkcə Bakı Reabilitasiya Mərkəzində isə postmüharibə dövründə 354 qaziyə stasionar və ambulator reabilitasiya xidmətləri göstərilib.
Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 200 hərbçi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. Eləcə də postmüharibə dövründə 1400 müharibə əlilinə 18 min reabilitasiya vasitəsi verilib, 2500 hərbçi reabilitasiya xidmətləri ilə təmin edilib.
Həmin müharibədə yaralanmış və müalicə kursları bitmiş hərbi qulluqçulardan 2900-dən çox şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Həmçinin onlara e-sistem üzərindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər təyin olunub, birdəfəlik sığorta ödənişləri verilib.
Kütləvi-informasiya vasitələrinin nümayəndələri Mərkəzdə yaradılan şəraitlə və Vətən müharibəsi qazilərinə göstərilən xidmətlərlə, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olublar.

Sosial 2022-05-26 14:23:00