×
A
A
A
Sazlamalar

Beş mindən çox vətəndaşın sənədləri “Müharibə veteranı” adının verilməsi üçün müvafiq komissiyaya göndərilib

Bu günədək Vətən müharibəsinin 76 min iştirakçısına “Müharibə veteranı” adı verilib

Bakı, 26 may, AZƏRTAC

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan və arayış-məlumatları hazır olan növbəti 5000 nəfərdən artıq vətəndaşın sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərarın qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.
AZƏRTAC Müdafiə Nazirliyinin feysbuk səhifəsinə istinadla xəbər verir ki, sənədləri göndərilən vətəndaşlar barədə qərar qəbul olunduqdan sonra onların da adları “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək.
Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 manat) təyin edilməsi və 2022-ci ilin yanvarın 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.
Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76 min nəfərə “Müharibə veteranı” adı verilib. Müraciəti daxil olmuş digər vətəndaşların Vətən müharibəsi iştirakı ilə bağlı arayış-məlumatları isə tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndəriləcək.
“Bildiririk ki, hər bir vətəndaşın müraciətinə xüsusi həssaslıqla yanaşılır. Müraciətlərin araşdırılması fərdi yanaşma və vaxt tələb etdiyindən vətəndaşlardan qarşıya çıxan qayğıları anlayışla qarşılamağı xahiş edirik”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

 

 

Cəmiyyət 2022-05-26 14:14:00