×
A
A
A
Sazlamalar

Pedaqoji Universitetdə tədbir: Biologiya gecəsi

Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə “Biologiya gecəsi” keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin sosial və humanitar məsələlər üzrə prorektoru profesor Fikrət Rzayev, Tədris departamentinin məzun koordinasiya və karyera bölməsinin müdiri Könül Əsgərova, Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, Riyaziyyat fakültəsinin dekanı dosent Araz Fərəcov, habelə müəllim və tələbələr iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə aparıcılar biologiya elmi ilə bağlı çıxışlar edib və “Biologiyaya səyahət” adlı videoçarx nümayiş olunub. Tələbələr tərəfindən biologiyanın müxtəlif sahələrinə dair təqdimatlar edilib. Fakültə tələbələri tərəfindən hazırlanmış “Alma almaya bənzər”, “İmtahan”, “Ağ ölüm” səhnəcikləri tamaşaçıların böyük marağına səbəb olub. III kurs tələbəsinin müəllifi olduğu bəhri-təvil məzmunlu “Orqanların söhbəti” şeiri isə tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Eyni zamanda, bir-birindən maraqlı musiqili çıxışlar və rəqslər tədbirə xüsusi rəng qatıb.
Tədbirin sonunda Kimya və biologiya fakültəsinin dekanı dosent Elnarə Mehbalıyeva çıxış edərək tələbələrə və qonaqlara təşəkkürünü bildirib.

Elm və təhsil 2022-05-26 12:37:00