×
A
A
A
Sazlamalar

Müstəqillik Günü münasibətilə Fəlsəfə və Sosiologiya İnstitutunun yeni nəşrlərinin təqdimatı olub

Bakı, 26 may, AZƏRTAC

28 May - Müstəqillik Günü münasibətilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun xarici elmi mərkəzləri və universitetləri ilə birgə çap olunan kitablarının təqdimatı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə rəhbərlik etdiyi qurumun elmi nailiyyətləri, xarici elm və təhsil müəssisələri ilə birgə fəaliyyətləri, müştərək nəşr olunan elmi kitab və monoqrafiyalar barədə ətraflı məlumat verib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir sıra layihələr həyata keçirilməsinin və islahatlar aparılmasının nəzərdə tutulduğunu bildirib.
“Müasir Azərbaycan fəlsəfəsinin əsas inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edən professor İlham Məmmədzadə müasir fəlsəfədə üstünlük təşkil edən yeganə bir cərəyan, məktəbin olmadığını, istiqamət və məsləklərdə plüralizmin hökm sürdüyünü, lakin bir sıra filosofların çıxışında fəlsəfənin spesifik xüsusiyyətini adekvat surətdə etikada, əxlaq və mədəniyyətdə, mənəvi və vətəndaşlıq tərbiyəsi sahələrinin tədqiqində ifadə olunduğunu deyib.
Fəlsəfənin əsas prioritetləri məsələsinə toxunan professor deyib: “Bizim filosofları zəmanəmizin ən parlaq zəkaları ilə birləşdirən məhz bu məsələlər yaxın gələcəkdə fəlsəfənin əsas prioritetlərini əsaslandırmağa imkan verir.
Birincisi, rasional və irrasional idrakın, tolerantlıq və dözümsüzlüyün hüdudları haqqında düşünərək fəlsəfi, metafizik alim və din xadimlərini dialoqa cəlb etməyə, onların səylərini müsbət birgə fəaliyyətə yönəltməyə qadirdir. İkincisi, güman edirik ki, fəlsəfədə realizm və idealizm, metod və həqiqət xüsusunda diskussiyaların aktuallaşması nəinki davam edəcək, hətta elmə daha çox təsir göstərəcək. Üçüncüsü, milli fəlsəfə və universallığın qarşılıqlı nisbəti. Dördüncüsü, koqnitiv elmlər, şüur fəlsəfəsi və etikanın qarşılıqlı əlaqələri. Nəhayət, fəlsəfə və ideologiya, siyasət və əxlaq arasında qarşılıqlı münasibətlər, geofəlsəfənin mahiyyəti.
Bu qeyd və ideyalar bizə müasir fəlsəfəmizin əsas prioritetlərini, bunların onun gələcəyinin yalnız bəzi konturları olduğunu dərk edərək ifadə etməyə imkan verir. Fikrimizcə, fəlsəfədə çoxfənli tədqiqatların, məntiqin inkişaf etdirilməsi kursunu davam etdirmək lazımdır, onlar yalnız fəlsəfəyə deyil, həm də ümumilikdə ictimai elmlərə inandırıcılıq əlavə edəcək. Onlar nəinki fəlsəfədə müəyyən dərəcədə sübutlu, əsaslandırılmış olan daha dəqiq nəticələrə yaxınlaşmağa imkan verəcək, həm də digər elmlərdə fəlsəfəyə daha çox maraq göstərilməsini təmin edəcək. Bu cür fəlsəfənin fərdi şüurla əlaqələrinin dərk olunmasına, fəlsəfə və psixologiyanın qovuşuğunda tədqiqatların aparılmasının inkişaf etdirilməsinə diqqət yetirmək vacibdir”.
Tədbirdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva Müstəqillik Gününün tarixi və fəlsəfi mahiyyəti barədə çıxış edib. Həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun xarici elm və təhsil müəssisələri ilə əlaqələrindən danışıb, birgə əməkdaşlıq sayəsində görülən işləri təqdir edib. Belə əməkdaşlıqların daha da genişlənməsi istiqamətində fikirlərini bölüşən akademik qeyd edib ki, bütün görülən işlərin sayəsində ortaya maraqlı və dəyərli əsərlər çıxır.
Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıblar.
Sonra Mərkəzi Elmi Kitabxananın baş direktoru professor Məmməd Əliyev “AMEA-nın Mərkəzi Elmi Kitabxanasının beynəlxalq əlaqələri və müasir fəlsəfə”, Lion Universitetindən Benoit Filou (Fransa) “Respublika gününün siyasi-tarixi konteksti”, tarix elmləri doktoru Eynulla Mədətli “Fəlsəfi tədqiqatların tarixi konteksi”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Fəlsəfədə metodologiya və epistemologiya problemləri”, professor Rəna Mirzəzadə “AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun bəzi nəşrləri haqqında” mövzularında məruzə ediblər.
Həmçinin Atatürk Universitetinin professoru Kərəm Karabulutun “Müstəqillik günü və Azərbaycan-Türkiyə elmi əlaqələri”, Bolqarıstan Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı professor Boqdana Todorovanın “Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ilə elmi əlaqələr, müştərək layihələr və inkişaf perspektibləri haqqında”, Albena Nakova və dosent Zöhrə Əliyevanın “AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun beynəlxalq əlaqələrinin fəlsəfi mahiyyəti” mövzularında məruzələri dinlənilib. Əlcəzairdən professor Zaim Xınçləvinin “AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu və Əlcəzair Milli Araşdırmalar Mərkəzi arasında fəlsəfi əlaqələr”, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənovun “AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun fəlsəfi və sosioloji tədqiqatları” və elmi işçi Samirə Dadaşovanın “Fəlsəfi biliyin inkişafında beynəlxalq əlaqələrin rolu” mövzularında məruzələri də maraqla qarşılanıb.

Elm və təhsil 2022-05-26 12:32:00