×
A
A
A
Sazlamalar

“Kəhriz sistemləri memarlıq abidəsi, dayanıqlı su sistemi, ictimai və iqtisadi inkişafın əsası kimi” beynəlxalq konfrans keçirilir

Bakı, 26 may, AZƏRTAC

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində mayın 26-da “Kəhriz sistemləri memarlıq abidəsi, dayanıqlı su sistemi, ictimai və iqtisadi inkişafın əsası kimi” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, bir sıra nazirliklərin və digər dövlət qurumlarının, ölkəmizdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, beynəlxalq ekspertlər, təhsil və vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri, layihənin icra edildiyi rayonların icra hakimiyyətlərinin təmsilçiləri, icma üzvləri iştirak ediblər.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, KOICA-nın ölkə üzrə direktoru Moon Yong Hyun və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov açıblar.
Açılış çıxışlarından sonra yerli və beynəlxalq mütəxəssislərin kəhrizlərin tarixi, bu günü və sabahı, BMqT-nin kəhrizlərin bərpası sahəsində təcrübəsi, kəhriz bərpasında ilk dəfə tətbiq olunan yeni texnologiyalar, kəhrizlər üzrə milli baş plan, atlas və digər mövzularda çıxışları dinlənilib.
Bundan əlavə, tədbirin gedişində kəhrizlərin bərpası layihəsi çərçivəsində görülən işləri əks etdirən film nümayiş olunub. Həmçinin ətraf mühit üzrə ən nüfuzlu mükafat sayılan Qlobal Enerji Mükafatının 2021-ci il üzrə milli qalibi seçilmiş layihə çərçivəsində fəaliyyəti əks etdirən fotoşəkillər, çap olunmuş kitab və broşürlərdən ibarət sərgiyə baxış keçirilib.

Cəmiyyət 2022-05-26 12:06:00