×
A
A
A
Sazlamalar

Vətən uğrunda canından keçən igid oğulların xatirəsi əbədiləşdirilir

Sumqayıt, 26 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda Xüsusi Təyinatlı Qüvvələrin giziri, “Qarabağ” ordenli şəhid Şəhriyar Quliyevin doğum günündə “Şəhidlər parkı” istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimi Vətən uğrunda canından keçən igid oğulların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bildirilib ki, Ş.Quliyev 1990-cı il mayın 25-də Ağdamın Cinli kəndində anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində M.Füzuli adına 15 nömrəli tam orta məktəbdə təhsil alıb. 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Aprel döyüşlərində iştirak edən Şəhriyar Vətən müharibəsi zamanı oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Çıxış edən şəhidin valideynləri təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Daha sonra parkın, eləcə də parkda şəhidlərin xatirəsinə inşa edilən bulağın və 513 şəhidin rəsmlərini əks etdirən lövhənin açılışı olub.

Regionlar 2022-05-26 11:54:00