×
A
A
A
Sazlamalar

Naxçıvan Muxtar Respublikasının ilk qadın dirijoru, xormeyster Səidə Məmmədovanın 80 illik yubileyi qeyd olunub

Naxçıvan, 26 may, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, Fortepiano kafedrasının professoru Səidə Məmmədovanın 80 illik yubileyi qeyd olunub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva yubilyarın ömür yoluna nəzər salıb, mədəniyyət və incəsənətin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb.
Universitetin rektoru Elbrus İsayev bildirib ki, ömrünün 60 ilini muxtar respublikada mədəniyyət və incəsənətin inkişafına həsr edən Səidə Məmmədova 30 ilə yaxın müddətdə ali təhsil ocağının konservatoriyasında kadr hazırlığı istiqamətində də öz xidmətləri ilə seçilən dəyərli ziyalımızdır. Rektor sənətkarın Naxçıvan Musiqi Kollecinin yaradılmasında xüsusi xidmətlərini qeyd edərək, onun kollecin ilk direktoru kimi fəaliyyətinə nəzər salıb. Vurğulayıb ki, nəinki Azərbaycanda, hətta xarici ölkələrdə də incəsənətimizi layiqincə təmsil edən dəyərli sənətkarımız dövlət qayğısından bəhrələnib. Rektor yubilyara universitet Elmi Şurasının fəxri fərmanını və hədiyyə təqdim edib.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxışında bildirib ki, xor sənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən Səidə müəllimə həm də ilk qadın dirijor kimi mədəniyyət və incəsənət sahəsində öz dəst-xətti olan dəyərli sənətkarlarımızdandır. Bəstəkarlar Təşkilatının üzvü olan Səidə Məmmədova bir bəstəkar kimi də peşəkar fəaliyyət göstərib.
Azərbaycan Respublikasının Xalq artisti, professor Çingiz Axundov, yubilyarın həyat və fəaliyyəti haqqında “Bir ömrün sənət zirvəsi” adlı yubiley nəşrinin müəllifi, dosent Qalibə Hacıyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov Səidə Məmmədova haqqında xoş xatirələrini bölüşüb, ürək sözlərini ifadə ediblər.
Səidə Məmmədovanın ilk tələbələrindən olan Bakı şəhər Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Məhin Orucova öz müəllimi haqqında ürək sözlərini dilə gətirib.
Sonra Universitet televiziyasının hazırladığı, yubilyarın həyat və yaradıcılığına həsr olunan filmə baxış olub.
Universitetin konservatoriyasının, Naxçıvan Musiqi Kollecinin, Bakı şəhər Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin təqdim etdiyi konsert proqramında digər ifalarla yanaşı, Səidə Məmmədovaya məxsus “Sevirəm yurdumu”, “A nazlı dilbər” kimi mahnılar da tamaşaçıların ruhunu oxşayıb.
Yubilyar göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Regionlar 2022-05-26 11:48:00