×
A
A
A
Sazlamalar

Bakı məktəbliləri “IT Stars 2022” beynəlxalq festivalında fərqləniblər

Bakı, 26 may, AZƏRTAC

Bakıda “IT Stars 2022" Beynəlxalq festivalının onlayn müsabiqələrində qalib gəlmiş Bakı şəhər 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qazaxıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Akbota Musabayeva, Bakı İnkişaf Mərkəzinin rəhbərliyi, mükafatçıların valideynləri iştirak ediblər.
Müsabiqələrdə MDB-nin ən müxtəlif şəhər və kəndlərindən olan I-XI sinif şagirdləri iştirak ediblər. Onlar informasiya texnologiyalarının ən müxtəlif sahələri - jurnalistika, proqramlaşdırma, mətnin sürətli yığılması, kompüter qrafikası, breyn-rinq, kvest, cizgi filminin səsləndirilməsi, layihələrin müdafiəsi, robot texnikası üzrə müsabiqələrdə bilik və bacarıqlarını nümayiş etdiriblər.
Festivalın yekunlarına görə Azərbaycan məktəbliləri bir neçə nominasiya üzrə qalib adını qazanıblar və mükafatlandırılıblar. “Səsləndirilmə” müsabiqəsində Qran-Pri mükafatına Əli Abdullayev layiq görülüb. Birinci dərəcəli diplomu Cəmilə İbrahimli, Yusif Allahverdiyev, Amin Nəzərli alıb. Darya Kşnyakina, Arda Seyfullayev ikinci dərəcəli diploma sahib çıxıblar. Breyn-rinq müsabiqəsində Toğrul Novruzov, Məhəmməd Novruzlı, Tofiq Eyvazov fərqləniblər.
Qazaxıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Akbota Musabayeva qalibləri təbrik edib, uşaqlara sertifikat və diplomlar təqdim edib, münsiflər heyəti tərkibində iştirak edən müəllimlərə isə təşəkkürnamə təqdim edib.
Diplomat çıxışında bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu diqqətə çatdırıb. O ölkələrimiz arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Tədbir uşaq rəsmlərindən ibarət sərgi və qazax rəqslərini nümayiş etdirən uşaqların ifasında konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, festivalın təşkilatçısı Almatı şəhərinin “Lakeview“ məktəbidir. Tədbirin məqsədi gənclərin intellektual və yaradıcı potensialının inkişaf etdirilməsidir. Bakı şəhər 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri “IT Stars 2022” Beynəlxalq festivalında artıq üçüncü ildir ki, iştirak edirlər.

Elm və təhsil 2022-05-26 08:59:00