×
A
A
A
Sazlamalar

Torpağın humus qatının zəngin olması məhsuldarlığı artırır – FOTO VİDEO

Tovuz, 26 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Torpağın məhsuldarlığından, istər meşə, istərsə də meyvə bağlarından danışanda, humus qatını bilmək vacib şərtlərdəndir. Bir çoxları humus qatı haqqında məlumatsızdır. Hətta uzun müddət təsərrüfatda çalışan birinin bu haqda bəzən məlumatsız olması becərdiyi məhsuldan istənilən nəticəni əldə etməsinə mane olur. Halbuki humus torpaq bitkilər üçün olduqca əhəmiyyətlidir. Humus, hər hansı bir torpaq növündə təbii olaraq əmələ gələn üzvi bir qatdır.
Humus torpağın ən münbit qatıdır. Əkinçilikdə bu olduqca böyük əhəmiyyət daşıyır. Bir sözlə, humus qatı zəngin olan torpağın məhsuldarlığı da yüksək olur. Humusun miqdarını müəyyən etmək üçün aqrokimyəvi laboratoriyaların xidmətindən istifadə edilir. Bu zaman torpağın tərkibi qısa müddətdə dəqiqləşir. Mütəxəssis, aqronom Yusif Mustafayev uzun illərdir bu haqda fermerlərə məsləhət verməklə öz biliklərini onlarla bölüşür, maarifləndirir.
Mütəxəssis AZƏRTAC-a müsahibəsində bildirib ki, humus torpaqlarda 0,5-0,12 faizə qədər dəyişə bilər. Humusun torpaqda olmasını biz torpağın rəngi ilə daha dəqiq müəyyən edə bilərik. Torpağa qəhvəyi və qara rəng verir. Belə torpağın humusu 5 faizə qədərdir. Ümumiyyətlə, meşəaltı torpaqlar, qəhvəyi torpaqlarda humusun miqdarı 5 faizə qədərdir. Göstəricisi bundan çox olan torpaqlar isə tünd qara torpaqlardır ki, burada humusun miqdarı daha çoxdur.
Humusun əmələ gəlməsi üçün torpaqda olan müxtəlif həşəratlar, canlı orqanizmlərin də fəaliyyəti olduqca böyükdür. Amma əsas işi görən torpaqda olan mikro orqanizmlər, bakteriyalar, göbələklərdir. Elm sübut edib ki 1 qram torpaqda iki milyarddan çox mikroorqanizmlər var. Bunlar da humusun əmələ gəlmə prosesində iştirak edir. “Torpağın müəyyən bir hissəsini götürüb biz böyüdücü cihaz altında baxsaq görərik ki, minerallardan seçilən hissəciklər var. Bunlar bitki və heyvan qalıqlarıdır. Bunları biz pinsetlə həmin minerallardan ayırsaq, onlara qələvi ilə təsir etsək, görərik ki, onların rəngində qaralmalar əmələ gələr. Bu da laboratoriya yolu ilə torpaqda olan humusun miqdarını təyin etməyə imkan verir”, - deyə Y.Mustafayev əlavə edib.
Humus təbəqəsinin qorunması da zəruri şərtlərdəndir. Fermerlər torpağı məhsul yığımından sonra, xüsusən də taxıl biçimindən sonra sahələrin yandırılması düzgün deyildir. Bu, birbaşa humus qatının məhvi ilə nəticələnir. Bundan başqa humus qatını qorumaq üçün gübrə və kimyəvi maddələrdən, pestisidlərdən, mineral vasitələrdən düzgün formada, mütəxəssislərin məsləhəti ilə istifadə edilməlidir.
Torpaq qatından analiz verilməli və analizin cavabından sonra torpağa buna uyğun aqrotexniki qulluq göstərilməlidir. Humus parçalananda, torpağa və bitkilərə azot, fosfor, kalium və maqnezium verir.

Kənd təsərrüfatı 2022-05-26 08:08:00

Video