×
A
A
A
Sazlamalar

Özbəkistanın MY5 telekanalında Azərbaycanın turizm potensialına dair veriliş nümayiş etdirilib

Daşkənd, 25 may, АZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddəki MY5 telekanalında Azərbaycanın turizm potensialına dair veriliş nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, verilişin müəllifi jurnalist Manuchehr Qalandarzadədir.
Müəllif proqramda Bakı toponimi, İçərişəhərin abidələri haqqında məlumat verir, bu məkandakı mağazalara baş çəkir və mağazaların birində Azərbaycan şirniyyatlarının qiymətləri ilə maraqlanır.
Manuchehr Qalandarzadə mağazada zəfəran və bu əvəzsiz bitkinin yetişdirildiyi məkanlar haqqında maraqlanır. Xəzər dənizinin gözəlliyindən danışan müəllif velosipedlə dənizkənarı parkda gəzir, Azərbaycan restoranlarından birində olur, qutabın və digər təamların dadına baxır.
Sonra müəllif funikulyorla şəhərin dağlıq hissəsinə qalxır, Şəhidlər xiyabanı haqqında tamaşaçılara məlumat verir, “Alov qüllələri”nin tikilmə tarixindən danışır.
Verilişdə Heydər Əliyev Mərkəzi haqqında da söhbət açılır, burada mühüm dövlət əhəmiyyətli tədbirlərin keçirildiyini diqqətə çatdırır. Müəllif Bakıdakı Yaşıl bazara da gedir.
Xatırladırıq ki, bu, müəllifin Azərbaycan haqqında hazırladığı ikinci verilişdir.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2022-05-25 23:41:00