×
A
A
A
Sazlamalar

Bərdədə Müstəqillik Günü ilə bağlı tədbir: Nə şirin sözdür azadlıq

Bərdə, 25 may, AZƏRTAC

28 May – Müstəqillik Günü münasibətilə Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir. Mayın 25-də “Nə şirin sözdür azadlıq” adlı növbəti tədbir Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbi, 3 nömrəli şəhər klubu və Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin birgə təşkilatçılığı ilə təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mədəniyyət işçilərinin, Qarabağ müharibəsi qazilərinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələrinin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova çıxış edərək, zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd edib. O, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının tarixi qələbəsindən, işğaldan azad olunmuş torpaqlarda görülən tikinti-bərpa və quruculuq işlərindən də danışıb.
Digər çıxış edənlər 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrdən biri olduğunu vurğulayıblar.
Tədbir Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbinin müəllimlərinin ifasında rəngarəng musiqi nömrələri ilə davam edib.

Regionlar 2022-05-25 19:21:00