×
A
A
A
Sazlamalar

Şamaxının Türk dünyasının turizm paytaxtı seçilməsi şəhərin inkişafına geniş üfüqlər açacaq

Şamaxı, 25 may, AZƏRTAC

Şamaxı şəhəri 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilib. Bu əlamətdar hadisə ilə bağlı mayın 25-də turizm potensialının inkişafı və qarşıda duran vəzifələr barədə rayon mədəniyyət mərkəzində idarə, müəssisə və təşkilat rəhbərlərinin, turizm sektorunda çalışan sahibkarların və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov mühüm hadisə ilə bağlı rayon sakinlərini təbrik edərək, bu istiqamətdə qarşıda duran vəzifələrdən geniş söhbət açdı. O, çıxışında son illər dövlət başçısının diqqət və qayğısı nəticəsində rayonda aparılan abadlıq-quruculuq işlərindən danışıb, həmçinin tarixi mədəniyyət abidələrinin əsaslı təmiri və yenidən qurulması nəticəsində rayon iqtisadiyyatının, mədəniyyətinin, turizm potensialının və digər sahələrin inkişaf etdiyini bildirib.
Sonra çıxış edən Xalq artisti İlham Namiq Kamal tədbir iştirakçılarını bu möhtəşəm hadisə münasibətilə təbrik edərək, turizm paytaxtına çevriləcək Şamaxının inkişafına hər bir rayon sakininin töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.
Digər çıxış edənlər - mədəniyyət işçisi Rəfail Tağızadə, sahibkar Rüstəm İsgəndərov və gənc fəal Qubat Qubadov bu önəmli hadisənin qədimliyini qoruyub saxlayan, zəngin tarixi keçmişini yaşadan, müasirliyə qucaq açan Şamaxı şəhərinin dirçəldilməsinə böyük təsir göstərəcəyini və inkişafına daha geniş üfüqlər açacağını bildiriblər.
Tədbirdə Şamaxının turizm potensialını özündə əks etdirən videoçarx nümayiş olunub.
Sonda rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Regionlar 2022-05-25 18:52:00