×
A
A
A
Sazlamalar

Aydın Hümbətov: Əsas hədəfim beynəlxalq arenada tanınmaq, hamıdan güclü olduğumu sübut etməkdir

Bakı, 25 may, AZƏRTAC

Tbilisi Qran-Pri yarışı gərgin idman mübarizəsi ilə yadda qaldı. Turnirdə məsafələr uzun, çəkilər isə çox ağır idi. Buna baxmayaraq, əzmkarlıq nümayiş etdirdim və qızıl medal qazandım.
Bu sözləri AZƏRTAC-a müsahibəsində stronqmen üzrə ikiqat Azərbaycan çempionu, dünya çempionatının bürünc mükafatçısı Aydın Hümbətov deyib.
Yarışa hazırlıq mərhələsinin az olduğunu bildirən A.Hümbətov qeyd edib: “Təşkilatçılar yarışla bağlı Azərbaycan Stronqmen Federasiyasına gec məlumat vermişdilər. Yarışa hazırlıq mərhələsi 20 gün davam etdi. Gərgin məşqlərim öz bəhrəsini verdi, birinci olub, üçrəngli bayrağımızı dalğalandırdım”.
Əsas rəqiblərinin güclü və tanınmış idmançılar olduğunu vurğulayan A.Hümbətov bildirib ki, ağır çəki dərəcəsində mübarizə apardım: “Ümumilikdə 7 idmançı birinci yer uğrunda yarışırdı. İlk üçlükdə yer alan idmançılardan birinin çəkisi 165, digərinin isə 150 kiloqram idi. Mənim çəkim isə 126 kiloqramdır. Stronqmen idman növündə çəki mühüm rol oynayır. Həm güc, həm də hərəkətlər baxımından çəki çox önəmlidir".
“Qarşıda bizi ciddi yarışlar gözləyir. Belə ki, iyunun 4-də Özbəkistanda, ayın 11-də isə Rusiyada beynəlxalq turnirlərdə iştirak edəcəyəm. Avqustda Gürcüstanda Avropa çempionatı, İspaniyada isə "Arnold klassik" yarışında gücümü sınayacağam. Bu yarışlara ciddi hazırlaşıram. Əsas hədəfim beynəlxalq arenada tanınmaq, hamıdan güclü olduğumu sübut etməkdir”, - deyə A.Hümbətov əlavə edib.
Ölkəmizdə stronqmen idman növünə marağın böyük olduğunu deyən A.Hümbətov bildirib: “İdmanın bu növü respublikamızda inkişaf etməkdədir. Mən də qazandığım uğurlarla bu inkişafa öz töhfəmi vermək istəyirəm. Yerli yarışların böyük coşqu ilə keçirilməsi, gənclərin bu idman növü ilə yaxından maraqlanması və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlər Azərbaycan Stronqmen Federasiyasının uğurlu fəaliyyətindən xəbər verir”.
Qeyd edək ki, mayın əvvəlində keçirilən Tbilisi Qran-Pri yarışında milli komandamızın üzvü dünya və Avropa çempionu Rövşən Xəlilov (80 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Aydın Hümbətov (105 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla yanaşı, turnirin mütləq çempionu adını qazanıb. Digər təmsilçimiz Nicat Hüseynov (105 kq) isə 14 idmançı arasında beşinci pillədə yer alıb.

İdman 2022-05-25 17:49:00