Türk Tarix Qurumunun sədri: Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birgə elmi araşdırmalar aparacağıq
Naxçıvan, 25 may, Rauf Kəngərli, AZƏRTAC
Məqsədimiz ümumtürk tarixini bütün istiqamətlər üzrə araşdırmaq, öz tariximizi özümüz yazmaqdır. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə qarşılıqlı əməkdaşlığa dair müqavilə imzaladıq. Bununla da tarixçilərimizin bir-biri ilə qarşılıqlı əlaqələrini genişləndirmələri, arxeologiya sahəsində birgə araşdırmaların aparılması üçün geniş imkanlar yarandı.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Türk Tarix Qurumunun sədri, professor Birol Çətin deyib. O vurğulayıb ki, biz iki qardaş ölkəyik və buna görə hər iki ölkənin elmi qurumları da əməkdaşlıqlarını genişləndirməli, birgə fəaliyyət göstərməlidir. “Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin tarixçiləri ilə birgə elmi araşdırmalar aparmaq üçün müxtəlif layihələri həyata keçirməyi düşünürük. Digər tərəfdən, gənclərimizin tariximizi düzgün öyrənməsi üçün yeni metodların birgə tətbiq edilməsini, təcrübə mübadiləsi aparmağı planlaşdırırıq”, - deyə o bildirib.
Türk Tarix Qurumunun sədri deyib: “Naxçıvan Muxtar Respublikasına səfər etməkdən məmnun oldum. Naxçıvan şəhəri həqiqətən də çox gözəl şəhərdir. Şəhər planlı şəkildə qurulub. Burada hər şey təbii və gözəldir. Arzu edirəm ki, Türkiyədən daha çox insan muxtar respublikaya səfər etsin, bu gözəllikləri öz gözləri ilə görsün. İnanıram ki, gələcəkdə Zəngəzur dəhlizi açılacaq və əlaqələrimiz daha da genişlənəcək, gediş-gəliş artacaq”.
Professor Vaqif Qələndər: Naxçıvanda müasir səhiyyə infrastrukturu yaradılıb
Gənclər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində olublar
Naxçıvanda beynəlxalq lisenziyalı məşqçilik kurslarına start verilib
Qazilərimiz stend atıcılığı yarışında iştirak ediblər
Vefalı Enser: Naxçıvan elm, təhsil və turizm baxımından türk dünyasının regional körpüsünə çevrilir