×
A
A
A
Sazlamalar

İran sərhədinə doğru yeni yolun və sərhəddə körpünün tikintisi davam etdirilir VİDEO

Bakı, 25 may, AZƏRTAC

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin və dövlət sərhədində yeni avtomobil körpüsünün tikintisi davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204–cü kilometrlik hissəsindən başlayaraq 3,05 kilometrlik hissəsini əhatə edir.
Məlumata əsasən, birinci texniki dərəcəyə uyğun olaraq inşa edilən, eni 26.5 metr, ayrıcı zolağın eni 4 metr, hər birinin eni 3.75 metr olmaqla 4 hərəkət zolaqlı olan yolun çiyinlərinin eni 3.75 metrdir.
Yol yatağının hazırlanmasında fasilə yaranmasın deyə, əraziyə lazımi qədər tikinti materialları daşınıb, texnika və işçi qüvvəsi cəlb olunub. İnşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılır.
Yeni magistral yolun keçdiyi bəzi ərazilərdə vaxtı ilə çəltik becərildiyinə görə bataqlıq ərazi hesab olunduğu üçün əvvəlcə bu hissədə 25 santimetr dərinlikdə bitki qatı çıxarılıb, daha sonra 1 metr dərinlikdə qazılıb və dörd mərhələ üzrə ələnmiş çay daşı tökülərək kipləşdirilib.
Yolboyu 12 yerdə ümumi uzunluğu – 667 poqonometr təşkil edən dəmir-beton suötürücü qurğularının, mal-qara üçün uzunluğu – 44.7 poqonometr olan 1 dəmir-beton keçidin, həmçinin uzunluğu 30 metr, eni isə 19.5 metr təşkil edən tunel tipli yolötürücüsü üzrə də tikinti işləri başa çatdırılıb.
Avtomobil yolunun torpaq yatağı, yol əsasının alt və üst layları üzrə tikintisi işləri də yekunlaşmaq üzrədir. Texnoloji ardıcıllığa uyğun yaxın zamanda asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.
Yeni magistral yolun sözügedən hissəsi İran İslam Respublikası ilə dövlət sərhədində hazırda inşası sürətlə davam etdirilən avtomobil körpüsünə birləşir.
Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metr olacaq. Dörd hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2.5 metr olan 2 piyada keçidinin yaradılması nəzərdə tutulur.
Yolun və körpünün 2023-cü ildə tikintisinin yekunlaşdırılması planlaşdırılır.
Qeyd olunub ki, "İnşaat Norma və Qaydaları"na əsasən yolun və körpünün tikintisi Şimal-Cənub nəqliyyat dəhlizi üzrə qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Bundan başqa, avtonəqliyyat vasitələrinin Astara şəhər mərkəzinə daxil olmadan hərəkətini təmin edəcək ki, bu da həm əhalinin, həm də yoldan istifadə edən sürücülərin rahatlığı və təhlükəsizliyi baxımından önəmlidir.

Regionlar 2022-05-25 16:40:00

Video