×
A
A
A
Sazlamalar

Aşqarlar Kimyası İnstitutunun gənc alimləri beynəlxalq tədqiqatlara cəlb olunublar

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda növbəti elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutundan məlumat verilib.
Seminarda institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayev diqqətə çatdırıb ki, son illər elmin bir-biri ilə əlaqəli sahələrində səmərəliliyin artırılması üçün multidisiplinar tədqiqatlara geniş yer verilir: “Bu sahədə elə fundamental nəzəri və tətbiqi məsələlər var ki, onların həll olunmasında bir elmi istiqamət üzrə yanaşma özünü doğrultmur və qənaətbəxş nəticə əldə olunmur. Bu amili nəzərə alaraq, dünyanın qlobal elmi çağırışları əsas götürülərək institutda çalışan gənc tədqiqatçılar müasir dövrdə aktuallıq kəsb edən fundamental nəzəri və innovativ tədqiqatlara cəlb olunub”.
O bildirib ki, bu seminarda gənc tədqiqatçıların ötən müddətdə yerinə yetirdikləri tədqiqatların əsas nəticələri müzakirə olunacaq.
Sonra institutun gənc alimləri apardıqları beynəlxalq səviyyəli tədqiqatların nəticələrinə həsr olunan maraqlı məruzələr təqdim ediblər. Hər bir gənc tədqiqatçı son bir ildə apardıqları elmi-təcrübi araşdırmalar zaman əldə etdikləri mühüm nəticələr, onların elmi və praktik əhəmiyyəti, tətbiqi imkanları haqqında fikirlərini bildiriblər, sualları cavablandırıblar.

Elm və təhsil 2022-05-25 16:22:00