×
A
A
A
Sazlamalar

AMEA “TEKNOFEST Azərbaycan” festivalında elmimizi yüksək səviyyədə təmsil etməyə hazırlaşır

Bakı, 25 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında AMEA-da aparılan tədqiqatların nəticəsi olan yüksək texnologiyalar nümayiş etdiriləcək.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçiriləcək sərgidə AMEA-ya geniş sahəni əhatə edən xüsusi pavilyon ayrılıb.
Elmimizin geniş şəkildə təbliğinə böyük imkanlar açan mötəbər tədbirdə AMEA bu qurumda aparılmış uzunmüddətli tədqiqatların nəticəsi olan rəqabətədözümlü, intellektual texnoloji məhsulları nümayiş etdirmək üçün 6 elmi-tədqiqat müəssisəsi və akademiyanın nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının (YTP) 5 rezidenti ilə təmsil olunacaq.
Festival çərçivəsində keçiriləcək sərgidə iştirakı nəzərdə tutulan AMEA-nın elmi müəssisələrindən biri Radiasiya Problemləri İnstitutudur. Elmi müəssisənin alimləri tərəfindən hazırlanmış yüksək texniki göstəricilərə və geniş imkanlara malik iki texnoloji həll sərgidə nümayiş olunacaq. Onlardan biri keçilməz və təhlükəli dağ relyefində radiasiya monitorinqini aparmağa imkan verən cihazdır. Bu cihaz pilotsuz uçuş aparatlarının üzərində yerləşdirilmiş radiometrdən ibarətdir. Minalardan təmizlənməmiş ərazilərdə, keçilməz relyeflərdə radiasiya monitorinqinin tam mənzərəsinin əldə olunması prosesin pilotsuz uçuş aparatları üzərində radiasiya detektorlarının yerləşdirilməsi ilə mümkün olacaq. İnstitut, eyni zamanda, festivalda yol tikintisi, mədən işləri və s. xüsusi məqsədlər üçün partlayıcı maddələrin uzaqdan idarə olunmasına imkan verən cihaz da təqdim edəcək.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun təqdim edəcəyi innovativ yenilik artıq dünyanın bir çox ölkələrində sınaqdan keçirilib və neft-qaz sənayesində həyata keçirilən işlərin səmərəliliyinin artırılmasında mühüm rol oynayır. İnstitutun mütəxəssisləri karbohidrogenlərin çıxarılması, nəqli və saxlanılması həlləri ilə bağlı təqdimatda karbohidrogenlərin axın və süzülmələri zamanı yaranan çətinliklər, onların aradan qaldırılması məsələləri ilə əlaqədar tədqiqatlar, alınan patentlər, bu istiqamətdə effektivliyin artırılması üçün yaradılan innovativ texnologiyalar, onların müəyyən sənaye sahələrində tətbiqi barədə məlumat verəcəklər. Eləcə də institut müxtəlif diametr və relyefə malik boru kəmərlərinin təmizlənməsi, yüksək qaz faktorlu neft quyularının boğulması, kənar suların izole edilməsi, lay daxilində yaradılan CO₂ qaz-maye aralığı ilə neftvermə əmsalının artırılması və neft quyularında hasilatın intensivləşdirilməsi texnologiyaları ilə festival iştirakçılarının qarşısına çıxacaq.
İnformasiya Texnologiyaları İnstitutunun müəllifi olduğu “Industry 4.0” texnologiyalarına əsaslanan layihələr bu gün üçün son dərəcə aktual olan texnoloji problemləri əhatə edir. Festival çərçivəsində keçiriləcək sərgidə institut tərəfindən dəniz neft və qaz platformalarında çalışan işçilərin sağlamlığının və təhlükəsizliyinin intellektual idarə olunması sistemi, vətəndaş məmnuniyyəti əsasında göstərilən dövlət xidmətlərinin qiymətləndirilməsi, e-dövlət platformasında e-demoqrafiya sisteminin konseptual modeli, bulud texnologiyalarında böyük verilənlərin effektiv analizi və kiberhücumların aşkarlanması üsullarının işlənməsi, böyük həcmli verilənlərin intellektual analizi üçün paralelləşdirilmiş k-means alqoritmi ilə bağlı layihələrin təqdim olunması nəzərdə tutulur.
Festivalda İdarəetmə Sistemləri İnstitutunun təqdim edəcəyi mikrokompüter müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının adaptasiya oluna bilən idarəetmə sisteminin funksiyalarını həyata keçirmək üçün işlənib-hazırlanıb. Sərgidə mikrokompüterin təqdimatı ilə yanaşı, real uçuş aparatının virtual nümayişi də nəzərdə tutulur.
Neft-Kimya Prosesləri İnstitutu və AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti olan “İNKOR” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) də birgə layihələri ilə festival çərçivəsində təşkil olunacaq sərgidə Azərbaycan elmini yüksək səviyyədə təmsil etməyi planlaşdırır. Sərgidə iki müəssisənin birgə layihələri olan, əsaslı yol təmir-tikintisində istifadə üçün yaradılmış və bugünədək əsaslı yolların çəkilməsində geniş tətbiq olunan xüsusi qatqı, o cümlədən yanğınları söndürmək üçün hazırlanmış və çay, göl və dəniz sularında işləyə bilən xüsusi kimyəvi reagentin soyuq sınaqları və poliqonda aparılan sınaqları ilə bağlı videogörüntülər, Naftalan nefti əsasında və ölkəmizin dərman bitkilərinin yağlarından istifadə etməklə hazırlanmış bir neçə dərman preparatının istehsal texnologiyası, eyni zamanda, xərçəng xəstəliyi törətmək potensiallı komponentlərə malik olmayan 11 növ təbii tərkibli dezodorantların nümunələri təqdim olunacaq. Bunlarla yanaşı, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını, otlaq sahələrində yem ehtiyatlarının artırılmasını təmin etməyə imkan verən və analoqlarından kəskin fərqlənən üçkomponentli gübrələrin və şərti adı “Qarabağ - 1” “Qarabağ - 2” , “Qarabağ - 3” və “Qarabağ - 4” kimi müəyyən edilmiş bitkilərin boy stimullaşdırıcılarının da sərgidə nümayişi nəzərdə tutulan məhsullar sırasındadır.
Festival iştirakçıları Biofizika İnstitutunun alimlərinin də elmi nailiyyətləri ilə tanış ola biləcəklər. Belə ki, institut Milli Onkologiya Mərkəzi ilə birgə süni intellektin tətbiqi ilə ağciyər xərçəngi xəstələrini 80-90 faiz dəqiqliklə identifikasiya etməyə imkan verən yeni model yaradıb. Yeni skrininq metodu ağciyər xərçəngi xəstələrində xəstəliyin erkən aşkarlanması üçün böyük əhəmiyyət kəsb edir. Festivalda təqdim olunacaq bu texnologiya ağciyər xərçənginin təyinində insanın qan plazmasından istifadəni nəzərdə tutur.
Sərgidə AMEA YTP-nin rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC ziyarətçiləri yerli pilotsuz uçuş aparatları ilə tanış edəcək. Rezident tərəfindən təqdim olunan məhsul xüsusi spektral kameralar vasitəsilə torpağın analizi və bitkilərin böyüməsinin öyrənilməsini nəzərdə tutur. Bu texnologiya sayəsində həm şumluq sahələrin, həm də bitki örtüyü olan ərazilərin monitorinqini aparmaq mümkündür. Texnologiya, həmçinin torpağın münbitliyinin qorunmasına və məhsuldarlığın artmasına şərait yaradır.
YTP-nin digər rezidenti – “BEYT” MMC-nin təqdim edəcəyi “Smart” arı yeşiklərinin də ziyarətçilərin marağına səbəb olacağı gözlənilir. Qeyd edək ki, yeşiklərə yerləşdirilmiş xüsusi sensorlar sayəsində arıçılıq təsərrüfatı ilə məşğul olan sahibkarların əraziyə mütəmadi olaraq getmələrinə ehtiyac qalmayacaq. Onlar uzaq məsafədən mobil telefon vasitəsilə yeşiyin vəziyyətinə nəzarət edə biləcəklər. “Ağıllı” yeşiklər temperatur, coğrafi yerləşmə və yerdəyişmə, arıların hərəkəti və xəstəliklərinin diaqnostikası kimi funksiyaları yerinə yetirmək kimi üstünlüklərə malikdir.
Texnoparkın rezidenti “Təcrübə-Sənaye Zavodu” MMC isə festivalda rəqabətqabiliyyətliliyi ilə seçilən və bir çox keyfiyyətlərinə görə analoqlarından fərqlənən bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağları və s. məhsullarını təqdim edəcək. Həmçinin sərgidə ilk dəfə olaraq müəssisənin məhsulu olan hərbi təyinatlı yağlar da nümayiş etdiriləcək.
Qeyd edək ki, sözügedən məhsulların hazırlanmasında AMEA-nın Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri institutlarının mütəxəssisləri yaxından iştirak ediblər. Bu məhsullar qeyd olunan institutlarla birgə həyata keçirilən layihələr çərçivəsində istehsal edilib və həmin texnoloji məhsullara institutların mütəxəssisləri tərəfindən patentlər alınıb.
Texnoparkın rezidentlərindən olan “Proline Chemicals”MMC də festivalda öz innovativ məhsullarını təqdim edəcək. Yüksəkkeyfiyyətli və effektiv professional yuyucu və təmizləyici vasitələrin istehsalı ilə məşğul olan rezident sərgidə mikro və makro silikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nanohissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrini nümayiş etdirəcək.
Festival çərçivəsində ziyarətçilər YTP-nin inkubator rezidenti “Troniq” MMC-nin təqdim etdiyi süni intellektə əsaslanan robotla da tanış olmaq imkanı əldə edəcəklər. Yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış “Seit-uv” robotu öncədən müəyyən edilmiş marşrut üzrə bütün maneələri aşaraq dezinfeksiya işlərini həyata keçirmək imkanına malikdir.

Texnologiya 2022-05-25 15:31:00