×
A
A
A
Sazlamalar

“TEKNOFEST Azərbaycan” festivalında AMEA üçün ayrılmış pavilyonda hazırlıq işləri yekunlaşıb

Bakı, 25 may, AZƏRTAC
AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun sədrliyi ilə AMEA-nın elmi müəssisə və təşkilatlarının “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində keçiriləcək sərgidə iştirakına hazırlıq işləri ilə bağlı müşavirə keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, müşavirədə AMEA-nın elmi müəssisə və təşkilatların rəhbərləri, texnoloji innovativ məhsulların müəllifləri, eləcə də AMEA Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin nümayəndələri iştirak ediblər.
AMEA rəhbərliyi festival çərçivəsində keçiriləcək sərgidə akademiya üçün ayrılmış xüsusi pavilyona baxış keçirib. Onlara sərgiyə hazırlıqla bağlı görülmüş işlər haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçiriləcək sərgidə AMEA-nın iştirakı ilə bağlı tədbirlər planına uyğun hazırlıq işləri tamamlanmaq üzrədir. Sərgiyə hazırlıq çərçivəsində festivalın məsul qurumları və şəxsləri ilə fəal şəkildə əlaqələr qurulub, AMEA-nın sərgidə iştirakı ilə bağlı maddi-texniki və digər tələblər yerinə yetirilib, akademiyanın pavilyonunun elektrik təchizatı sxemi və ümumi konsepsiyasının hazırlanması istiqamətində işlər yekunlaşdırılıb. Məlumat verilib ki, sərgidə AMEA tərəfindən həm fiziki məhsullar, həm də monitorlar vasitəsilə layihələr virtual nümayiş olunacaq. Sərgi günlərində AMEA üçün ayrılmış xüsusi pavilyonda akademiyanın “TEKNOFEST Azərbaycan” tərəfindən yaradılmış xüsusi sistemdə qeydiyyatdan keçmiş məsul şəxslərindən ibarət heyəti iştirak edəcək.

 

 

Elm və təhsil 2022-05-25 14:47:00