×
A
A
A
Sazlamalar

Şəki-Zaqatala bölgəsinin təhsil müəssisələrinin kollektivləri mina təhlükəsizliyi barədə maarifləndirilirlər

Şəki, 25 may, Mustafa Dadaşov, AZƏRTAC

Təhsil nazirinin “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr” haqqında əmrinin icrası ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində silsilə maarifləndirici tədbirlər keçirilir.
Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə nazirliklərin məsul nümayəndələri, həmçinin rayonların icra hakimiyyətlərinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rayonlar üzrə təhsil sektorlarının əməkdaşları, məktəb direktorları, hərbi rəhbərlər, Vətən müharibəsinin iştirakçısı olmuş müəllimlər və qazilər iştirak ediblər.
Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şəki, Balakən və Zaqatala rayonlarında keçirilən maarifləndirici tədbirlərdə Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev çıxış edərək, müharibədən sonrakı dövrdə baş verən faciəvi hadisələrə diqqət çəkib, mövzunun aktuallığını xüsusi olaraq vurğulayıb və müvafiq tapşırıqlar verib.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Ələkbər Ələkbərov təhlükəli ərazilər, minalar barədə ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıb.
Diqqətə çatdırılıb ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd məktəbliləri mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə məlumatlandırmaq, rəsmi və qeyri-rəsmi xəbərdaredici mina nişanları, təhlükəli ərazinin olduğunu bildirən əlamətlər, bələd olunmayan yerlərdə xüsusi davranış və minalardan qorunma qaydalarına əməl etmək, mina ilə bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün bilik və vərdişləri uşaq və gənclərə aşılamaqdan ibarətdir.
Tədbirlərdə minaların forması, rəngi, ölçüsü və nədən hazırlanması, onların insan həyatına təsiri, partlamamış hərbi sursatların ola biləcəyi yerlər, minalanmış əraziyə daxil olanda təhlükəsiz hərəkət etmək qaydaları, minaların gücü barədə iştirakçılara slaydlardan istifadə etməklə ətraflı məlumat verilib.
Sonda iştirakçılara mövzu ilə bağlı bukletlər paylanılıb.
Bu mövzuda tədbirlərin bölgənin digər rayonlarının təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.

 

Regionlar 2022-05-25 14:34:00