×
A
A
A
Sazlamalar

“Ayrılmadı könül candan!” hekayə və esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Şuşa İli” çərçivəsində ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında elan etdiyi “Ayrılmadı könül candan!” hekayə və esse müsabiqəsinin yekun tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva hekayə, esse müsabiqələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında keçirilməsinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə yanaşı, onların Azərbaycan dilinin zənginliklərindən faydalanmaqla öz bilik, bacarıqlarını və yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək baxımından da xüsusi əhəmiyyətli olduğunu bildirib. Müsabiqə qaliblərini və iştirakçıları təbrik edən Sevinc Əliyeva onlara gələcəkdə Azərbaycan dilinin saflığının, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində tövsiyələrini çatdırıb, uğurlar arzulayıb.
Monitorinq Mərkəzinin şöbə müdiri dosent Şahlar Məmmədov müsabiqəyə göndərilən yazıların yoxlanma prinsipləri və qaliblərin seçilmə meyarları barədə ətraflı məlumat verib. O, müsabiqəyə təqdim edilən 53 esse və hekayədən meyarlara uyğun gələn 10 yazının müəllifinin qalib kimi seçildiyini nəzərə çatdırıb. Nəticələri ümumiləşdirən Şahlar Məmmədov əlavə edib ki, müsabiqəyə göndərilən yazılarda bədii təsvir üsullarından geniş istifadə olunmaqla yanaşı, əksər yazılarda orfoqrafik, qrammatik və üslub səhvlərinə rast gəlinib. Mətnin abzaslara düzgün bölünməməsi, punktuasiya qaydalarına riayət olunmaması, eləcə də mövzu ilə məzmun arasında uyğunsuzluq kimi hallar müşahidə edilib, ciddi plagiat faktlarının aşkar edildiyi yazılar isə müsabiqədən kənarlaşdırılıb.
Münsiflər heyətinin üzvləri AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının Xarici dillər kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru, dosent Kəminə Məmmədova, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin üzvü Sima Cəfərova, Bakı Avrasiya Universitetinin Ümumi filologiya kafedrasının baş müəllimi Zəminə Rüstəmbəyli və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini Gülarə Əmirova gənc nəslin yazı müsabiqələrində fəal iştirakını ana dilinə münasibətin və Vətən sevgisinin parlaq təzahürü kimi dəyərləndirib, bu cür müsabiqələrin tələbələrdə tədqiqatçılıq bacarığını formalaşdırdığını bildiriblər. Göndərilən esse və hekayələrin tam şəffaf və obyektiv şəkildə qiymətləndirildiyini vurğulayan münsiflər müsabiqədə iştirak edən gənclərdə vətənpərvərlik ruhunun yüksək olduğunu, lakin ədəbi dil normalarının və yazı qaydalarının kobud şəkildə pozulması hallarının da mövcudluğunu qeyd ediblər.
Sonra tədbirdə “Ayrılmadı könül candan!” hekayə və esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Birinci yerə layiq görülən Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin IV kurs tələbəsi Günel Məmmədova “Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir” adlı hekayəsini səsləndirib.
Müsabiqədə ikinci yerə Bakı Avrasiya Universitetinin IV kurs tələbəsi Aytac Qayıbova, üçüncü yerə isə Bakı Dövlət Universitetinin I kurs tələbəsi Nübar İbrahimova layiq görülüb.

Elm və təhsil 2022-05-25 14:15:00