Sel suları Qubada körpünü uçurub, altı kəndlə əlaqə kəsilib
Quba, 25 may, Elxan Yusifli, AZƏRTAC
Aramsız yağışlar nəticəsində çaylarda yaranmış sel suları Quba rayonu ərazisində bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağ çayın üzərindəki körpünün güclü sel səbəbindən uçması nəticəsində, rayon mərkəzindən 13 kilometr məsafədə yerləşən Tülər kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Quba-Xınalıq yolunun 37-ci kilometrliyində, Əlik bələdiyyəsinin ərazisində isə qaya parçaları yola düşüb. Əlik, Haputlu, Cek, Xınalıq, Qalaxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Yolda hərəkətin bərpa olunması üçün əraziyə xüsusi texnikalar cəlb edilib.
Quba-Susay-Xınalıq avtomobil yolunun 25-ci kilometrliyində, Gəray kəndi ərazisində yağıntı sularının yaratdığı sel nəticəsində körpünün ətrafı yuyulub, körpü qəzalı vəziyyətə düşüb.
Yaranmış vəziyyətlə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə ərazilərə baxış keçirilib. Fəsadların aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib, əraziyə xüsusi texnikalar cəlb olunub.
Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı 3,6 faiz artıb
Naxçıvanda daha 10 ailə özünüməşğulluq proqramına cəlb olunub
Naxçıvanda ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur
IELTS qeydiyyat və imtahan mərkəzində növbəti imtahan keçirilib