×
A
A
A
Sazlamalar

BVF: Yaxın Şərq və Şimali Afrika ölkələrində ərzaq məhsullarının qiymətləri rekord həddə çatıb

Qahirə, 25 may, AZƏRTAC

Beynəlxalq Valyuta Fondunun (BVF) son hesabatında 2022-ci ildə Yaxın Şərq və Şimali Afrika ölkələrində ərzaq məhsullarının qiymətlərində 14 faiz artım olacağı qeyd olunub.
AZƏRTAC xəbər verir ki, BVF-nin son iqtisadi icmalında ərzaq məhsullarının qiymətlərinin sürətlə artmasının əsas səbəbi kimi Ukraynada davam edən müharibə göstərilir. İcmalda ümumi inflyasiyanın da rekord həddə - 13,9 faizə çatacağı qeyd olunub.
BVF-nin icmalında cari ildə xam neftin orta qiymətinin 107 dollar səviyyəsində olacağı, bu səbəbdən Yaxın Şərq və Şimali Afrika regionunda iqtisadiyyatın təqribən 0,9 faiz artacağı proqnozlaşdırılır. Lakin bu artımın yalnız neft ixracatçısı ölkələrdə baş verəcəyi, idxaldan asılı olan dövlətlərdə isə kəskin inflyasiya və xarici borcların daha da artmasının gözlənildiyi diqqətə çatdırılıb.
Hazırda ən yüksək inflyasiya Livanda (56 faiz), Suriyada (32 faiz) və Yəməndə (31faiz) qeydə alınıb. BVF bildirib ki, silahlı münaqişələrin davam etdiyi ölkələrdə cari ilin ikinci yarısında ərzaq qıtlığı və aclıq təhlükəsi gözlənilir.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2022-05-25 11:38:00