×
A
A
A
Sazlamalar

Ümumi orta təhsil bazasında kolleclərin xüsusi qabiliyyət imtahanlarına qeydiyyat başlanır

Bakı, 25 may, AZƏRTAC

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ) üzrə qabiliyyət imtahanlarına qeydiyyat başlanır.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün mayın 25-dən iyunun 3-dək qeydiyyatdan keçməlidirlər.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da, mayın 1-də və 15-də imtahan vermiş abituriyentlərin imtahan nəticələri elan olunduqdan sonra qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər də qeydiyyatdan keçə biləcəklər.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər yalnız 1 istiqamətə aid ən çoxu 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər. İyunun 12-də keçiriləcək Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edəcək abituriyentlər də qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılır. Xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu barədə ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayında verilib.
Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.
Ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtini ödəyən abituriyentlər də qeydiyyatdan keçə bilərlər.
Musiqi sənəti istiqamətinin komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər (223, 224, 227, 323, 324, 327, 423, 424, 623, 627, 624 və 723-cü komissiyalar istisna olmaqla) azı 5 illik musiqi təhsili haqqında sənədə malik olmalıdırlar. Abituriyentlərin musiqi təhsili haqqında məlumatı (təhsil haqqında sənədin seriya və nömrəsi, bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi ixtisas və ya təhsil aldığı musiqi aləti) DİM tərəfindən yaradılan “Musiqi məktəbi-məzun” və ya “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sistemindən götürülür. Əgər abituriyent haqqında məlumat bu sistemdə yoxdursa, həmin abituriyent musiqi ixtisası üzrə bitirdiyi təhsil müəssisəsinə və ya DİM-ə müraciət etməlidir.
Musiqi üzrə xaricdə təhsil almış vətəndaşlar DİM-ə müraciət etməlidirlər. Bunun üçün həmin abituriyentlər musiqi təhsili haqqında sənədin əslini və surətini, şəxsiyyəti təsdiq edən sənədi DİM-ə şəxsən təqdim etməlidirlər.
Qeydiyyatdan keçmək üçün abituriyent “Şəxsi kabineti”nin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) müvafiq hesabına əlavə etməlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.
Müsabiqədə iştirak ödənişlidir. Lakin “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Elm və təhsil 2022-05-25 11:06:00