×
A
A
A
Sazlamalar

Neftçalada bütün nasos stansiyaları suvarma mövsümünə hazırdır

Bakı, 25 may, AZƏRTAC

Neftçala rayonunda kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün Neftçala Suvarma Sistemləri İdarəsi gücləndirilmiş rejimdə çalışır. 1978-ci ildən fəaliyyət göstərən idarə Neftçala rayonunun 38158 hektar suvarılan torpaq sahəsinə xidmət edir. Bu işin keyfiyyətli təmin edilməsi üçün 44 nasos stansiyadan və 1394 ədəd hidrotexniki qurğudan istifadə olunur. Suvarma mövsümünə qədər bütün nasos stansiyalarında təmir işləri aparılıb və hər biri saz vəziyyətə gətirilib.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, rayonda hazırda 5560 hektar sahədə pambıq aratı aparılıb, 39296 hektarda dənli bitkilər, 8077 hektarda isə yem bitkiləri suvarılıb. 8 hidrotexniki qurğu təmir edilib, 85 kilometr kanal lildən təmizlənib. Rayonun əsas su mənbəyi olan Kür çayından 83 milyon kubmetr su əkin sahələrinə ötürülüb. Əkin sahələrinin suvarılması üçün nasos stansiyaları ilə yanaşı, 1026 kilometr suvarma kanallarından da istifadə olunur. Suvarma suyunun su istifadəçilərinə itkisiz və daha sürətlə çatdırılması üçün isə latok sistemi yenilənib və bu proses davam edir. Yeni nov kanallar suvarma suyunu vaxtında fermerlərə çatdıra bilir.
Qeyd edək ki, Neftçala rayonunda 2022-ci il üçün 38158 hektar sahədə əkin aparılıb. Bunun 8700 hektarı pambıq, 21500 hektarı dənli bitkilər, 6221 hektarı yem bitkiləri, 1737 hektarı isə digər əkinlərdir.

 

 

Regionlar 2022-05-25 11:07:00