×
A
A
A
Sazlamalar

Azərbaycanla Norveç arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə Osloda caz konserti olub VİDEO

Oslo, 25 may, Rauf Əliyev, AZƏRTAC
Azərbaycanla Norveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Oslonun “Ədəbiyyat evi” mərkəzində caz konserti keçirilib. Tədbir Azərbaycan Respublikasının İsveç və Norveç krallıqlarında səfirliyinin, həmçinin Oslodakı Azərbaycan Evi tərəfindən təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın və Norveçın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə bu ölkədə səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev çıxış edib. O, iki ölkə arasında müxtəlif sahələrdə genişlənməkdə olan əməkdaşlıqdan, neft və qaz sahəsində birgə layihələrdən, əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud imkanlardan söz açıb. Qeyd olunub ki, digər sahələrlə yanaşı, mədəniyyət və alternativ enerji istehsalı sahələrində əlaqələr Norveç-Azərbaycan münasibətlərinin gələcəkdə daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin rolunu oynaya bilər.
Sonra çıxış edən Norveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Mərkəzi Asiya və Regional Təşkilatlar İdarəsinin direktoru Lars Ragnar Aalerud Hansen tədbir iştirakçılarını Azərbaycan dilində salamlayaraq, ölkəmizlə bağlı xatirələrini bölüşüb. Azərbaycan dövlətinin və xalqının maraqlı coğrafiyada yerləşən nadir mədəniyyət və musiqi irsinin olduğunu bildirən Lars Ragnar Aalerud Hansen Norveç ilə ölkəmiz arasında bir sıra sahələrdə uğurlu əməkdaşlığın olmasından məmnunluğunu ifadə edib. Lakin bununla belə, o, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün imkanların olduğunu diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində tanınmış cazmen, Azərbaycanın Əməkdar artisti İsfar Sarabskinin triosu çıxış edərək öz şəxsi bəstələrini, tanınmış Azərbaycan və dünya bəstəkarlarının kompozisiyalarını özünəməxsus şəkildə ifa edib.
Tədbirdə Azərbaycanın İsveç və eyni zamanda, Norveç krallıqlarındakı səfiri Zaur Əhmədov, Norveçin bir sıra dövlət, hökumət və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Oslo

Mədəniyyət 2022-05-25 10:33:00

Video