×
A
A
A
Sazlamalar

Tərtərdə Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib

Tərtər, 24 may, AZƏRTAC

Tərtərdə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəhbərlərinin, qazilərin, Qarabağ müharibəsi veteranlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Tədbirdə şəhidlərimizin döyüş yoluna nəzər salınaraq, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqları bildirilib. Qeyd edilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Sonra 109 nəfər müharibə iştirakçısına medallar təqdim olunub. Vətən müharibəsi iştirakçıları göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Regionlar 2022-05-24 23:01:00