×
A
A
A
Sazlamalar

ADA Universitetinin müəllimləri NDU-da təlim keçib

Naxçıvan, 24 may, AZƏRTAC

ADA Universitetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetinin müəllimləri üçün “Ali təhsil müəssisəsində elmi-tədqiqat işlərinin gücləndirilməsi yolları” mövzusunda təlim keçib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ABŞ səfirliyinin təhsil və mədəniyyət üzrə müşaviri Riçard Pinkham, ADA Universitetinin Təhsil fakültəsinin icraçı direktoru Səidə Nəbiyeva, universitetin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev və həmin universitetin Təhsil fakültəsinin baş müəllimi Vəfa Yunusova bu münasibətlə Naxçıvan Dövlət Universitetində olublar.
Magistratura Mərkəzində keçirilən tədbirdə qonaqları salamlayan universitetin rektoru Elbrus İsayev onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Rektor ali təhsil ocağında professor-müəllim heyətinin elmi fəaliyyəti, nüfuzlu jurnallarda məqalə nəşri ilə bağlı mühüm məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, ali təhsil ocağında keçirilən təlimlər öz əhəmiyyəti ilə seçildiyi kimi universitet əməkdaşlarının beynəlxalq jurnallara çıxışının təmin edilməsində də vacib hal kimi qeyd olunmalıdır.
Müasir dövrdə universitetlərin əsas missiyalarından birinin səmərəli və nəticəyönümlü elmi-tədqiqat fəaliyyətləri ilə yerləşdikləri regionun inkişafına töhfə vermək olduğunu vurğulayan rektor bu məqsədlə sözügedən layihənin təqdim etdiyi imkanlardan danışıb. Elbrus İsayev əldə edilən bilik və bacarıqların tezliklə universitetdə elmi fəaliyyətin səmərəliliyinin yüksəlməsində özünü doğruldacağına əminliyini bildirib, seminar iştirakçılarına uğurlar arzulayıb.
ABŞ səfirliyinin Təhsil və mədəniyyət üzrə müşaviri Riçard Pinkham çıxış edərək Naxçıvanda olmaqdan məmnunluğunu vurğulayıb. Qonaq səfirliyin hazırda mövcud olan təhsil proqramlarından danışıb.
İki gün davam edən təlimin ilk günündə ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev elmi nəşrlərin strategiyasından danışıb. Beynəlxalq indeks bazalarına malik nüfuzlu jurnallar haqqında ətraflı məlumat verən Anar Vəliyev təlimin ikinci günündə elmi-tədqiqat işi üçün məlumatların toplanması və təhlili qaydaları barədə məlumat verib.
ADA Universitetinin Təhsil fakültəsinin baş müəllimi Vəfa Yunusova “Akademik yazı nədir” başlığı altında keçdiyi təlimdə mövzunun düzgün seçilməsinin yazının əsas faktoru olduğunu qeyd edib. O, elmi məqalələrin yazılma üslubu və qaydaları haqqında danışıb.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan mövzularla bağlı geniş müzakirələr aparılıb, suallar ətraflı cavablandırılıb.
Sonda iştirakçılar onlara təqdim edilən anketi doldurub, keçirilən təlim barədə müsbət fikir və tövsiyələrini qeyd ediblər.

Regionlar 2022-05-24 20:30:00