×
A
A
A
Sazlamalar

Yaponiyanın “Cross Border Club 3.0” klubunun üzvləri “Vətən yaxşıdır” mahnısını yapon dilində ifa ediblər VİDEO

Tokio, 24 may, AZƏRTAC

Yaponiyanın “Cross Border Club 3.0” klubunun üzvləri II Qarabağ müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısını yapon dilinə tərcümə edərək ona klip çəkiblər.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə klubun meneceri Kazuyasu İşida məlumat verib. K.İşida deyib ki, klipi Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar hazırlayıblar və Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan oğullarının xatirəsinə həsr ediblər.
Mahnının sözlərinin Mizuho Vatanabe tərəfindən tərcümə olunduğunu bildirən K.İşida layihənin Yoko Arainin rəhbərliyi altında ərsəyə gəldiyini qeyd edib. Yaponiyanın müxtəlif prefekturalarının görməli yerlərində çəkilişləri isə Şintaro Hasoi aparıb.
K.İşida əlavə edib ki, bu çəkilişlə biz Azərbaycanın əzəmətini, Qarabağ müharibəsi nəticəsində bu ölkəyə vurulmuş böyük zərəri əksər yaponlara çatdırmağa çalışmışıq. Ümid edirik ki, bizim fikirlərimiz azərbaycanlıların da əksəriyyətinin qəlbinə yol tapacaqdır.
Klipə Azərbaycanın inkişafını, işğaldan azad edilən ərazilərdə ermənilərin törətdiyi vəhşilikləri, möhtəşəm Cıdır düzünü, Zəfər gününün Azərbaycan xalqı tərəfindən əsil böyük bayram kimi qeyd edilməsini, tarixi və dini abidələri əks etdirən fotolar da əlavə edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Mədəniyyət 2022-05-24 19:12:00

Video