×
A
A
A
Sazlamalar

AMEA Naxçıvan Bölməsi ilə Türk Tarix Qurumu arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb

Naxçıvan, 24 may, AZƏRTAC

Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyi Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun Türk Tarix Qurumu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikasına səfər edən nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olub, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün büstünü və Şəhidlər xiyabanını ziyarət edib.
AMEA-nın Naxçıvan Bölməsi ilə tanış olan qonaqlar bölmə əməkdaşlarının nəşr edilən əsərlərindən ibarət sərgi, həmçinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeologiya və Etnoqrafiya Muzeyindəki eksponatlarla tanış olublar.
Daha sonra Türk Tarix Qurumu ilə AMEA Naxçıvan Bölməsi arasında əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib.
Əvvəlcə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qonaqları salamlayaraq bildirib ki, AMEA-nın Naxçıvan Bölməsi ulu öndər Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamına əsasən yaradılıb. Bölmənin tərkibinə 6 elmi-tədqiqat müəssisəsi, elmi kitabxana və arxiv, Nəbatat bağı, Batabat Astrofizika Rəsədxanası və digər elmi-tədqiqat müəssisələri daxildir. Naxçıvanın hərtərəfli tədqiqi məqsədilə yaradılan bölmədə bu günədək bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası, folkloru, ədəbi mühiti, dil xüsusiyyətləri, teatr və sənətkarlığın inkişafı, o cümlədən təbii sərvətlərinin, biomüxtəlifliyinin tədqiqi ilə bağlı araşdırmalar aparılır, araşdırmaların nəticələri müxtəlif kitab və monoqrafiyalarda, elmi jurnallarda, eləcə də mətbuatda əksini tapır.
Akademik vurğulayıb ki, imzalanacaq əməkdaşlıq müqaviləsi hər iki elm müəssisəsi arasındakı akademik əməkdaşlığı təsis etmək, gücləndirmək və inkişaf etdirmək üçün lazımi platformanın hazırlanması məqsədi daşıyır. Müqavilədə birgə elmi araşdırmaların aparılması, beynəlxalq simpoziumların, konfransların və tədbirlərin təşkili, elmi əsərlərin müəllif hüquqlarının və tərcümələrinin dəstəklənməsi, nəşr edilməsi və yayılması, Türkiyə və Azərbaycan arxeoloqlarının birgə iştirakı ilə arxeoloji qazıntıların aparılması, elmi və mədəni görüşlərin birgə təşkili, elm adamlarının, doktorant və mütəxəssislərin mübadiləsi, doktorantura tələbələri üçün yay məktəblərinin təşkili və başqa mühüm işlərin icrası nəzərdə tutulub. İsmayıl Hacıyev Türk Tarix Qurumu ilə rəsmiləşdirilən əlaqələrin daha da səmərəli inkişafına əminliyini bildirib.
Türk Tarix Qurumunun sədri, professor Birol Çətin Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib. Təmsil etdiyi qurumun yaradılması, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən professor diqqətə çatdırıb ki, qurum 90 ildən artıq dövrdə türk tarixinin hərtərəfli araşdırılmasını əsas məqsəd kimi müəyyənləşdirib, bu sahədə çoxsaylı uğurlar əldə olunub. Xüsusilə son illər arxeologiya sahəsində aşkar olunan elmi faktlar bu sahənin inkişafına öz müsbət təsirini göstərib. Tarixin bütün sahələrində böyük irəliləyişlərin əldə olunduğunu deyən qurum rəhbəri qeyd edib ki, Türk Tarix Qurumu göstərdiyi səmərəli və çoxşaxəli fəaliyyəti ilə tarixçilər üçün əsl məktəbə çevrilib.
Birol Çətin müasir dövrdə fakt və həqiqətlərin dünyaya çatdırılmasında tarix elminin əvəzsiz xidmətini vurğulayıb, xüsusilə gənc nəsildə bu elm sahəsinə artan həvəsi olduqca sevindirici hal kimi qiymətləndirib. Yeni imzalanan əməkdaşlıq müqaviləsinin hər iki qurum üçün perspektivlər vəd etdiyini, bu münasibətlərin həm rəsmi, həm də dostluq müstəvisində inkişafının mühümlüyünü qeyd edib.
Daha sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Türk Tarix Qurumunun sədri, professor Birol Çətin müqaviləni imzalayıblar.
Yığıncaqda Naxçıvan Televiziyasının AMEA Naxçıvan Bölməsinin yaranması və fəaliyyəti ilə bağlı hazırladığı film nümayiş olunub. Sonra Naxçıvan adının mənşəyi, mənası, Nuh peyğəmbərlə bağlılığı haqqında müzakirə aparılıb, icrası nəzərdə tutulan işlər təhlil olunub.
Qonaqlar səfər çərçivəsində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksini, Naxçıvanqala Tarix-Memarlıq Kompleksini, Nuh peyğəmbərin məzarüstü abidəsini və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzini ziyarət ediblər.

Regionlar 2022-05-24 18:24:00