×
A
A
A
Sazlamalar

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi hüquq sahəsində aparılan islahatlara dəstək verəcək

Bakı, 24 may, AZƏRTAC

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin yaradılması ölkədə həyata keçirilən ardıcıl islahatlar çərçivəsində hüquqi dövlət quruculuğu prosesinə mühüm töhfədir və bu sahədəki inkişafa təminat yaradır. Mərkəz ölkəmizdə hüquqi bazanın möhkəmləndirilməsi işinə əlverişli zəmin yaradacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri hüquq elmləri doktoru, professor Namiq Əliyev deyib.
Professor bildirib ki, bir çox xarici ölkələrdə mövcud olan bu cür dövlət təsisatları hüquq sahəsində əhəmiyyətli nəticələrin əldə edilməsinə müsbət təsir göstərir. Bu baxımdan “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin yaradılması prosesində beynəlxalq təcrübənin öyrənilməsi və nəzərə alınması yeni qurumun hüquqi islahatlar kontekstində fəaliyyətinin səmərəsini bir qədər də artıracaq: “Mərkəzin qarşısında hüquq sahəsində qabaqcıl beynəlxalq təcrübəni təhlil etmək və qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində təkliflər hazırlamaq, hazırlanacaq və qüvvədə olan normativ hüquqi aktların qanunvericiliyin təsirinin qiymətləndirilməsinin aparılmasında iştirak etmək kimi vəzifələr qoyulub. Bununla yanaşı, normayaratma sahəsində maarifləndirmə işinin təşkili, hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyəti məlumatlandırmaq, ictimai rəyi öyrənmək, müvafiq hüquqi aktların layihələrinə dair ictimai müzakirələr təşkil etmək nəzərdə tutulub. Mərkəz hüququn müxtəlif sahələri üzrə tədqiqatlar, sorğular aparmaq və nəticələrini dövlət orqanlarına təqdim etmək, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq, dövlət, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar barədə sorğu vermək və onlardan belə məlumatları almaq hüququna da malikdir. Eyni zamanda, təhlillər və ümumiləşdirmələr aparıb analitik materiallar hazırlayaraq, müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər”.
Professor Namiq Əliyev qeyd edib ki, mərkəzin fəaliyyətinin elmi tərəfi də diqqətdən kənarda qalmayıb. Hüququn ayrı-ayrı sahələrinin müqayisəli hüquqi tədqiqi, məcəllələrə və digər normativ hüquqi aktlara elmi və praktiki şərhlərin hazırlanması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun yeni yaradılan mərkəzin tabeliyinə verilməklə yenidən təşkili nəzərdə tutulur. Adıçəkilən institut tərəfindən hüquqi tənzimləmədə innovativ həllərin araşdırılması, hüququn ayrı-ayrı sahələrinin təhlili, hüququn potensial inkişaf sahələrinin müəyyən edilməsi və həmin sahələr üzrə tənzimetmə modellərinə dair təkliflər verilməsi gözlənilir.
“Yeni yaradılan mərkəzin qarşısında böyük vəzifələr dayanır. İnanıram ki, mərkəz hüquq sahəsində aparılan islahatlara dəstək verəcək”, - deyə professor Namiq Əliyev vurğulayıb.

Elm və təhsil 2022-05-24 18:00:00