×
A
A
A
Sazlamalar

Teatr Muzeyində növbəti tədbir- “Şərqdə doğan ilk hürriyyət”

Bakı, 24 may, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 28 May - Müstəqillik Gününün əhəmiyyətini tərənnüm etmək məqsədilə “Şərqdə doğan ilk hürriyyət” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğurunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova çıxış edərək Müstəqillik Gününün tarixi əhəmiyyətindən söz açıb.
Muzeyin əməkdaşı Ümidə Hacıyeva Cümhuriyyətin yaranma tarixi və fəaliyyəti, həmçinin müasir müstəqil dövlətimizin inkişafı, onun dünya miqyasındakı mövqeyi, o cümlədən son illər xalqımızın dirçəlişi və rifahi naminə görülən işlər barədə geniş məruzə ilə çıxış edib.
Tədbir konsert proqramı ilə davam edib.
Konsertdə G. Şaroyev adına 35 nömrəli on bir illik musiqi məktəbinin direktoru Vəfa Həziyevanın rəhbərliyi ilə məktəbin müəllim və şagird kollektivi müxtəlif musiqi nömrələri səsləndiriblər.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, xoreoqraf Afaq Hüseynovanın bədii rəhbərliyi altında Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən “Buta” rəqs qrupu da öz nömrələri ilə konsertə qoşulub.
Qeyd edək ki, tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dillər Universitetinin tələbələri, habelə muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Mədəniyyət 2022-05-24 17:56:00