×
A
A
A
Sazlamalar

Gənclərin Gurbulaq şəlaləsinə yürüşü təşkil olunub

Şahbuz, 24 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şahbuz rayonunda gənclərin ekoloji yürüşü təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Kənddən kəndə” devizi ilə keçirilən yürüşdə gənclər rayonun Kükü kəndindən 4 kilometr məsafədəki Gurbulaq şəlaləsinə qədər olan məsafəni piyada qət ediblər. 90-dan artıq gəncin iştirak etdiyi yürüşün keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının turizm potensialını, qədim diyarımızın zəngin fauna və florasını tanıtmaq, həmçinin yürüş idman növünü gənclər arasında təbliğ etməkdir.
Yol boyunca bələdçi məlumat verib ki, Kükü kəndi Şahbuzun ən böyük kəndlərindən biri, qədim yurd yerlərimizdəndir. Kənd dəniz səviyyəsindən, təxminən 1900-2100 metr yüksəklikdə, Dərələyəz silsiləsinin cənub yamacında, Naxçıvançayın ən böyük qollarından biri olan Küküçay boyunca yerləşir. Füsunkar və qeyri-adi gözəlliklər Kükünü həm də turizm kəndi kimi tanıdır. Kükünün turizm əhəmiyyətli bir çox yeri var ki, bunlardan biri də Gurbulaq şəlaləsidir. Gurbulaq Dərələyəz silsiləsindəki qar sularından qidalanır. Suyu bol olduğuna görə adına Gurbulaq deyirlər. Su bulaqdan bir az aralıdakı sıldırım qayalardan üzüaşağı axaraq öz incilərini torpağa düzür. Qayalar təxminən 40 metr hündürlükdən tökülən suyu böldüyündən şəlalə üç tərəfdən axıb gedir.
Maraqlı və uzun yürüşdən sonra gənclər Gurbulaq şəlaləsinə çatıblar. Onlar burada fotoşəkillər çəkdirib, təbiətin gözəlliyindən zövq alıblar. 8 kilometrlik yürüşü başa vuran gənclər üçün Kükü kəndində yemək və çay süfrəsi açılıb.

 

 

Regionlar 2022-05-24 17:19:00