×
A
A
A
Sazlamalar

Atletika üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2005–2006-cı il təvəllüdlü idmançılar arasında keçirilən atletika üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən yarışda atletlər qaçış, tullanma və atma növlərində qüvvələrini sınayıblar.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda paytaxtın 8 komandasından 120 atlet birincilik uğrunda mübarizə aparıb.
Oğlanlar arasında uzunluğa tullanma yarışında Hüseyn Abbasov, lövhə atmada Zülfiqar Qədimov, nüvə itələmədə Furqan Bünyadov, üçtəkanla tullanmada İbrahim Xəlilli, hündürlüyə tullanmada Emil Xocayev qalib adını qazanıblar. Qızların yarışında uzunluğa tullanmada Veronika Antropova, nüvə itələmədə isə Səkinə Hacızadə birinci yerə layiq görülüblər.
Oğlanlar arasında qaçış yarışlarında Murad Babazadə (100 metr), Elcan Cəfərov (200 m), Səid Məmmədov (400 m), Kamran Məmmədov (800 m), Yevgeniy Mordakov (1500m) birinci olublar. Qızların mübarizəsində isə İlahə Quliyeva (100 m), Viktoriya Çerniyenko (200 m), Emiliya İsgəndərova (400 m, 800 m), Ləman İsfəndiyarova (400 metr sədlərlə qaçış), Anastasiya Morozova (1500 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.

İdman 2022-05-24 17:01:00