×
A
A
A
Sazlamalar

İbtidai sinif müəllimləri təhsilverənlərin sertifikatlaşdırılmasına dair məlumatlandırılıblar VİDEO

Xaçmaz, 24 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 24-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə bir sıra ibtidai sinif müəllimlərinin iştirakı ilə təhsilverənlərin sertifikatlaşdırılmasına dair məlumatverici görüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin konfrans zalında keçirilən tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov çıxış edərək, ölkəmizdə aparılan uğurlu təhsil siyasətindən danışıb. Bildirilib ki, bu gün Azərbaycanda təhsilə və onun inkişafına dövlət səviyyəsində çox böyük diqqət, qayğı göstərilir. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondu tərəfindən hər zaman bu sahəyə diqqət və qayğı ön plandadır. Ölkə rəhbərliyi üçün vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması, yüksək səviyyəli təhsil alması prioritet istiqamətdir. Azərbaycan təhsili sürətlə inkişaf edir. Bu, özünü ölkəmizdə yeni məktəblərin açılmasında, aparılan təhsil islahatlarında göstərir.
Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması prosesinin mahiyyəti, test imtahanı və müsahibə mərhələlərinin təşkili, cəlb olunan heyətlə bağlı ətraflı məlumat verib.
İştirakçılar sözügedən proseslə bağlı qanunvericiliyə edilən dəyişikliklər, sertifikatlaşdırma prosesinin təhsilin keyfiyyətinə müsbət təsiri haqqında maarifləndiriliblər.
Bildirilib ki, sertifikasiyanın nəticəsi təhsilverənlərin karyera inkişafında, gələcəkdə həyata keçiriləcək əməyin stimullaşdırılması tədbirlərində nəzərə alınacaq.
Görüşdə müzakirə olunan mövzu ilə bağlı rəy və təkliflər dinlənilib, müəllimlərin sertifikatlaşma prosesi ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

 

Regionlar 2022-05-24 16:53:00

Video