×
A
A
A
Sazlamalar

Novxanıda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə yolları müzakirə olunub

Novxanı, 24 may, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunun Novxanı kəndində “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət qurumlarının rəsmiləri, kənd ərazisində fəaliyyət göstərən məktəb və bağça müdirləri, polis əməkdaşları, həkimlər, qazilər, din xadimləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Gülnar Rəhimova narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə mövcud durum, mübarizə yolları, təhsil və səhiyyə ocaqlarında aparılan maarifləndirmə tədbirlərinin gücləndirilməsi və digər məsələlər barədə söz açıb.
Qeyd edilib ki, şagirdlər məktəbdə olan müddətdə müəllimlərlə yanaşı sinif rəhbərləri, psixoloqlar və məktəblərdə fəaliyyət göstərən həkimlər də daim onlarla münasibətdə olmalı, yeniyetmələrin davranışlarını, psixi durumlarını nəzarətdə saxlamalı və valideynlərlə də sıx əlaqə qurmalıdırlar.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimov, Rayon Mərkəzi Xəstəxanasının inzibati məsələlər üzrə direktor müavini Fuad Məmmədov, Vətən müharibəsi qazisi Vidadi Ağayev, din xadimi Rasim Xudaverdiyev və digər natiqlər narkomaniyanın doğurduğu fəsadlar, insan orqanizminə zərərləri və ona qarşı aparılan mübarizədən danışaraq, bu təhlükəli bəlaya qarşı həyata keçirilən səylərin birləşdirilməsinin, birgə mübarizə tədbirlərinin sayının artırılmasının əhəmiyyətini vurğulayıblar.
Dəyirmi masada narkomaniyanın ağır fəsadlarını əks etdirən plakatların hazırlanmasının, videoçarxların məktəblərdə nümayiş etdirilməsinin, təhsil və səhiyyə ocaqlarında maarifləndirici görüşlərin daim olaraq keçirilməsinin vacibliyi bildirilib.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gənclərin zərərli vərdişlərdən, xoşagəlməz hallardan uzaq tutmağın ən yaxşı üsullarından birinin gənclərin asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda, kütləvi şəkildə bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinə cəlb edilməsi olduğu vurğulanıb, mütəmadi bədən tərbiyəsi və idman yarışlarının keçiriləcəyi diqqətə çatdırılıb.

Regionlar 2022-05-24 16:45:00