×
A
A
A
Sazlamalar

Kitabxanaşünas-alim Rasim Kazımovun 90 illik yubileyi qeyd olunub

Bakı, 24 may, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında milli kitabxanaşünaslığın görkəmli nümayəndələrindən biri Rasim Kazımovun 90 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən MEK-in baş direktoru professor Məmməd Əliyev görkəmli alim və pedaqoq Rasim Kazımovun həyat və yaradıcılığına nəzər yetirib. “Ömrünün 50 ilindən çoxunu Azərbaycanda kitabxana-informasiya sisteminin inkişafına həsr etmiş dəyərli alimin zəngin elmi yaradıcılığı ölkəmizdə kitabxanaçılıq təhsili sisteminin inkişafına dəyərli töhfələr verib”, - deyə baş direktor vurğulayıb. Məmməd Əliyev Rasim Kazımovun MEK-də direktor vəzifəsində çalışdığı müddətdə kitabxananın formalaşmasındakı xidmətlərindən söz açıb, alimin vəfatından sonra ailəsi tərəfindən 292 ədəbiyyatdan ibarət şəxsi kitab kolleksiyasının Mərkəzi Elmi Kitabxanaya hədiyyə edildiyini bildirib.
Tədbirdə MEK-in Azərbaycanşünaslıq və milli rəqəmsal yaddaş şöbəsi “Görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 90 illik yubileyi” adlı videotəqdimat nümayiş etdirib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov vurğulayıb ki, mərhum alimin parlaq elmi irsi milli kitabxana işinin qurulmasında və təşkilində bu gün də öz dəyərini qorumaqdadır. “Rasim müəllimin yazdığı əsərlər bu sahənin mütəxəssislərinin stolüstü kitabına çevrilib”, - deyə Kərim Tahirov qeyd edib.
Bakı Dövlət Universitetinin (BDU) Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının professoru Xəlil İsmayılov Rasim Kazımovla dost münasibətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüb. Görkəmli alimin tək kitabxanaçılıq sahəsində deyil, hərtərəfli biliyə sahib unikal insan olduğunu vurğulayıb.
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı görkəmli kitabxanaşünas alimin yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı kimi elmi-praktik konfransın keçiriləcəyini bildirib.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında nurlu insanın, işıqlı alimin tələbələrinin bu gün Azərbaycanın müxtəlif kitabxanalarında öz sözünü deyən mütəxəssislər kimi çalışdıqlarını deyib.
Dəyirmi masada çıxış edənlər Rasim müəllimin unudulmaz xatirəsinin onun müəllim həmkarlarının yaddaşında daim yaşadığını vurğulayaraq, alimin həyatından, tələbəlik illərindən, ilk fəaliyyət istiqamətlərindən danışıblar.
Rasim Kazımovun qızı Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının şöbə müdiri Leyla İbrahimova atası ilə bağlı xatirələrini bölüşüb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Sonda Rasim Kazımovun həyat və elmi fəaliyyəti haqqında MEK-in fondlarındakı nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.

Elm və təhsil 2022-05-24 16:33:00