×
A
A
A
Sazlamalar

Ailə milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısı rolunda çıxış edir

Naxçıvan, 24 may, AZƏRTAC

Ailələrə hərtərəfli qayğı göstərmək, gənc ailələrin milli-mənəvi dəyərlər üzərində inkişaf etməsini diqqətdə saxlamaq və onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasını təmin etmək dövlətimizin prioritet sahələrindən biridir. Çünki ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır, həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısı rolunda çıxış edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Müəllimlər İnstitutunda “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda keçirilən tədbirdə səslənib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən institutun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev mövzunun əhəmiyyətini qeyd edib.
“Ailə dəyərlərimiz milli dəyərlərimizin əsasıdır” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Eltun Həziyev muxtar respublikada ailələrə və xüsusilə də gənc ailələrə göstərilən dövlət qayğısından ətraflı bəhs edib. Bildirib ki, ailə uşaqlara təhsilin, tərbiyənin öyrədildiyi, milli dəyərlərin köçürüldüyü əhəmiyyətli bir müəssisə, şəxsiyyətin və xarakterin formalaşdığı başlanğıc mühit, nüvə təşkilatıdır. Eltun Həziyev çıxışında ailə dəyərlərinin qorunub saxlanılması, ailə institutunun möhkəmləndirilməsi, onların hüquqi biliklərinin artırılması və sağlamlıqlarınının qorunması barədə danışıb.
Sonra Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Ümumi təbabət klinik fənlər kafedrasının müdiri, həkim-ginekoloq, dosent Gültəkin Əliyeva “Nikahdan öncə gənclərin tibbi müayinələrdən keçməsi ailələrin sağlam olmasının əsas şərtlərindədir” mövzusunda çıxış edib, slaydlardan istifadə etməklə gənc ailələrin və dünyaya gələcək körpələrin sağlamlıqları üçün preventiv tədbirlər haqqında ətraflı məlumat verib.
“Nikah və nikah müqaviləsi ailələrin qorunma vasitələrindən biridir” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Həbibə Əliyeva mövzu barədə danışıb, sualları cavablandırıb.
Daha sonra tədbir qarşılıqlı diskussiya şəraitində davam edib. Sonda mövzu ilə bağlı broşürlər paylanılıb.

 

 

Regionlar 2022-05-24 16:22:00