×
A
A
A
Sazlamalar

Şəki məktəblərində “Şuşa İli” çərçivəsində silsilə tədbirlər keçirilir

Şəki, 24 may, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun ümumtəhsil məktəblərində “Şuşa İli” ilə bağlı tədbirlər davam edir. Növbəti tədbir Şəki şəhər 12 nömrəli tam orta məktəbdə reallaşıb. “Qələbə ətirli Xarıbülbül” adlı tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki şəhəri üzrə təhsil sektorunun əməkdaşları, şəhər icra hakimiyyətinin nümayəndəsi, məktəbin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində gənclərimizin misilsiz şücaətindən, qəhrəmanlığından söz açıb, vətənpərvər və müasir gənclərlə qürur duyduğunu bildiriblər.
Tədbirdə şagirdlərin ifasında milli musiqilərimiz, muğamlarımız səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim edilib.
Regional İdarənin əməkdaşı bildirib ki, məktəblərdə “Şuşa İli” ilə bağlı tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini yad etməkdən ibarətdir.

Regionlar 2022-05-24 15:48:00