×
A
A
A
Sazlamalar

Deputatlar Xaçmazda icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanış olublar VİDEO

Xaçmaz, 24 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 24-də Xaçmaz rayonunda icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıq məqsədilə mediatur, eləcə də Quba-Xaçmaz Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə bir sıra ibtidai sinif müəllimlərinin iştirakı ilə təhsilverənlərin sertifikatlaşdırılmasına dair məlumatverici görüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mediaturda Milli Məclisin deputatları, Təhsil Nazirliyinin əməkdaşları, blogerlər, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
Mediatur çərçivəsində əvvəlcə Xaçmaz rayonu Arzu qəsəbə və şəhər 5 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıq olub. Qonaqlara məlumat verilib ki, Arzu qəsəbə tam orta məktəbdə icma əsaslı məktəbəqədər təhsil qrupu 2021-ci ildə yaradılıb. Qrupda 21 uşaq məşğələyə cəlb edilib. Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbdə 2020-ci ildən fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupunda isə 24 uşaq var.
Mediatur iştirakçılarının diqqətinə çatdırılıb ki, 2017-ci ildə UNICEF tərəfindən pilot olaraq icrasına başlanılan “İcma əsaslı məktəbəqədər təhsil qrupu” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində daha da genişləndirilib.
Təhsil İnstitutu tərəfindən icra olunan layihə ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması, məktəbəqədər təhsilin inkişafı və təhsildə valideyn iştirakını təmin etməklə xüsusilə ucqar və ya əlverişsiz dağ kəndlərində keyfiyyətli təhsil xidmətlərinə nail olmaq, valideyn-icma-məktəb əməkdaşlığının yaradılması, 3-4 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, məktəbəqədər təhsilin inkişafı nəticəsində bilavasitə ibtidai təhsilin də keyfiyyətinin artırılması məqsədini daşıyır.
2018-ci ildə cəmi 50 qrup ilə fəaliyyətə başlayan layihə çərçivəsində 2019-cu ildə qrupların sayı 321-ə, 2020-ci ildə isə 500-ə çatıb. 2021-ci ildə daha 350 yeni qrupun yaradılması ilə hazırda layihədə 850 qrup və bu qruplar üzrə 761 tərbiyəçi-müəllim fəaliyyət göstərir. 4 il ərzində layihədə iştirak edən 3-4 yaşlı uşaqların sayı 15 dəfə artıb. Cəmi 1000 nəfər 3-4 yaşlı uşağın iştirakı ilə 2018-ci ildə fəaliyyətə başlayan layihə üzrə növbəti ildə uşaqların sayı 6200-ə çatıb. 2020-ci ildə artıq ölkənin 50 şəhər və rayonunda 10000 nəfər 3-4 yaşlı uşaq layihədə iştirak edib. Layihə 2021-2022-ci tədris ilində ümumilikdə 16000 uşağın məktəbəqədər təhsil almasına imkan yaradır.
Mediatur Quba-Xaçmaz Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə bir sıra ibtidai sinif müəllimlərinin iştirakı ilə sertifikatlaşdırmaya həsr olunan görüşlə davam etdirilib.

 

 

Regionlar 2022-05-24 15:10:00

Video