×
A
A
A
Sazlamalar

Özbəkistanın “Özbegim Yoshları” musiqi qrupunun konsertində Azərbaycan Mədəniyyət Mərkəzi də təmsil olunub

Daşkənd, 24 may, АZƏRTAC

Daşkənddəki “Türküstan” sarayında Özbəkistanın dünyada tanınmış “Özbegim Yoshları” musiqi qrupunun 18 illiyi ilə əlaqədar böyük konsert proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert proqramına Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) xüsusi dəstək göstərib. Tədbirdə AMM-in rəhbərliyi və əməkdaşları, çoxsaylı qonaqlar iştirak ediblər.
Konsertdə Özbəkistan musiqiləri ilə yanaşı, Azərbaycan mahnıları da ifa edilib. Özbəkistanın Xalq artisti Jenisbek Piyazov Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin "More", beynəlxalq mükafatlar laureatı Sarvinoz Kamalova Azərbaycan, SSRİ, həm də Özbəkistanın Xalq artisti Zeynəb Xanlarovanın “Bülbülüm” mahnısı ifa ediblər.
Konsert proqramında Mədəniyyət Mərkəzinin Kövkəb Əliyeva adına “Azərbaycan qızları" rəqs ansamblının ifasında "Qafqaz rəqsi" və "Güllər kompozisiyası" rəqsləri təqdim olunub.
Qeyd edək ki, “Özbegim Yoshları” musiqi qrupu dünyanın 30-dən çox ölkəsində - Fransa, Amerika, Almaniya, Belçika, Çin, Malayziya, Nikaraqua, İtaliya, Yaponiya, Meksika, Rusiya və s. ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib və çoxsaylı mükafatlara layiq görülüb. Qrupun repertuarında Azərbaycan mahnıları da əsas yer tutur.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

 

Mədəniyyət 2022-05-24 12:33:00