×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universitetində Rəqəmsal araşdırmalar laboratoriyasının açılışı olub

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Rəqəmsal araşdırmalar laboratoriyasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən rektor Elçin Babayev BDU-da təhsil, elm, sənaye və biznes vəhdətində müxtəlif sahələr üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məsələsinin daim diqqət mərkəzində olduğunu bildirib. Diqqətə çatdırıb ki, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, dünyanın qabaqcıl universitetləri və elmi müəssisələri ilə əlaqələri genişləndirmək və onların təcrübəsindən yaralanaraq elm və təhsil sahəsində innovasiyaların tətbiqinə nail olmaq BDU-nun inkişaf strategiyasında prioritet məsələdir: “Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əsaslı islahatlar həyata keçirilir. İcra olunan layihələrin nəticəsində strateji əhəmiyyət kəsb edən sahələr də yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu baxımdan son illərdə respublikamızda informasiya və kommunikasiya texnologiyaları sahəsinin müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlər də miqyası və əhəmiyyəti ilə seçilir. Universitet bu istiqamətdə ön sıralardadır. BDU-nun müasir səviyyədə qurulan Rəqəmsal tədqiqatlar laboratoriyası da bunun bariz nümunəsidir. Bütün bunlar göstərir ki, hazırda universitetdə inkişaf strategiyasına uyğun olaraq müvafiq sahənin inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir”.
Elçin Babayev vurğulayıb ki, Rəqəmsal tədqiqatlar laboratoriyası, ilk növbədə, tədqiqat potensialının, tələbələrin elmi-tədqiqat imkanlarının artırılmasına və ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir: “Laboratoriya kompüter elmləri sahəsində hərtərəfli riyazi təhsili və biliyi olan, alqoritmik düşüncəyə sahib, effektiv alqoritmlərin qurulması və təhlilinin müasir metodlarını, texnologiyalarını bilən və onları real sənaye məsələlərinin həllində tətbiq etmək bacarığına malik mütəxəssislərin hazırlanması məqsədi daşıyan Avropa İttifaqının “Erasmus+” KA2 Proqramı çərçivəsində maliyyələşdirilən və İsveçin Linköpinq Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlər və oyun dizaynı magistr proqramlarının hazırlanması” layihəsinin (MAGnUS) dəstəyilə yaradılıb. Sözügedən layihənin icrasına 2019-cu ilin yanvar ayından başlanılıb. Layihənin icrasına universitetin 5 əməkdaşı cəlb olunub və “Mobil tətbiqlərin hazırlanması və oyunların dizaynı” adlı yeni ixtisasın/ixtisaslaşmanın Azərbaycanda açılması üçün Təhsil Nazirliyinə müraciət olunub, daha sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırıb. 2021-ci ilin sentyabr ayından etibarən BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə yeni açılan bu ixtisas üzrə ingilis bölməsinə 5 tələbə qəbul olunub”.
Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov qeyd edib ki, yeni açılan belə innovativ laboratoriyaların Azərbaycan xalqına xidmət etməsi böyük sevincdir. Rəqəmsal layihələrin böyük perspektivi olduğunu deyən Pərviz Bağırov BDU-da yaradılan yeni laboratoriyanın digər universitetlər üçün nümunə sayıldığını vurğulayıb.
BDU-nun rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev, universitetin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri Ələkbər Əliyev çıxışlarında yeni laboratoriyanın üstünlüklərini, praktiki və real tədqiqatlara əsaslandığını, BDU-da rəqəmsallaşma işinə böyük töhfə verəcəyini qeyd ediblər.
Məlumat verilib ki, adıçəkilən ixtisas üzrə təhsil proqramı 120 kreditdən ibarətdir. 2 illik təhsil müddəti ərzində magistrantlara 21 fənn tədris olunacaq. Fənlərin tədrisinə ingilis dilində tədris edə bilən, praktik biliklərə sahib yüksəkixtisaslı kadrlar cəlb olunub. Bunlarla yanaşı, açılacaq yeni magistr ixtisasına və tədris olunacaq yeni fənlərə uyğun olaraq layihə çərçivəsində Avropa universitetlərinin təcrübəsindən faydalanmaq məqsədilə tərəfdaş ali məktəblərin müəllim və tələbələri üçün İsveçdə, Böyük Britaniyada, Estoniyada və Portuqaliyada intensiv təlimlər, Azərbaycanda yay məktəbləri və tərəfdaş universitetlərin müəllim heyəti ilə mübadilə proqramlarının təşkili həyata keçirilir.
Qeyd edək ki, ölkənin aparıcı elm və təhsil müəssisəsi olan BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əsas qayəsi öz istedad və imkanlarına güvənən innovativ, yaradıcı tədqiqatçıları və təhsilalanları cəlb etmək, yeni nəsil alimlərin yetişməsinə töhfə vermək, təhsil və elm sahəsində transformativ təkmilləşdirmələr aparmaqdır. Ali təhsil sahəsində potensialın artırılmasına xidmət edən sözügedən layihə çərçivəsində universitetdə “Mobil tətbiqlər və oyun dizaynı” ixtisası üzrə təhsil alan tələbələr, layihə iştirakçıları və tədris prosesinə cəlb olunan müəllimlər BDU nəzdində müasir Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi nəzdində fəaliyyət göstərən Rəqəmsal tədqiqatlar laboratoriyasının imkanlarından da yararlanmaqla bilik və bacarıqlarını artırırlar. “MAGnUS” layihəsi çərçivəsində, həmçinin sözügedən laboratoriyanın maddi-texniki bazasının daha da müasirləşməsinə nail olunub. Bununla ölkəmizdə yeni nəsil alimlərin və mütəxəssislərin yetişməsinə töhfə verən, təhsil və elm sahəsində transformativ təkmilləşdirmələr aparılacaq bir təhsil məkanının əsası qoyulub.

Elm və təhsil 2022-05-24 12:17:00