×
A
A
A
Sazlamalar

SİMA ilə sığorta məhsullarını əldə etmək imkanı yaradılıb

Bakı, 24 may, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. “Bakı Sığorta” şirkəti SİMA-nın ilk sığorta tərəfdaşı olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bundan sonra “Bakı Sığorta” müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq bütün növ KASKO sığorta məhsullarını və əmlak sığorta məhsullarında İpoteka sığorta məhsulunu əldə edə biləcəklər. Belə ki, sadalanan sığorta məhsulları üçün “Bakı Sığorta” şirkətinə müraciət edən və müsbət cavab alan müştərilər sənədlərin imzalanmasını SİMA vasitəsilə məsafədən və operativ həyata keçirəcəklər.
SİMA ilə gələcəkdə digər sığorta məhsullarından da yararlana bilərlər.
Yeni nəsil rəqəmsal imza vasitəsilə, həmçinin başqa sahələr üzrə elektron xidmətlərdən istifadə etmək mümkündür. Bunlara rəqəmsal dövlət, bank, bank olmayan kredit təşkilatları (BOKT), mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.
Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” Çağrı mərkəzindən əldə edə bilərsiniz.

 

İKT 2022-05-24 12:07:00