×
A
A
A
Sazlamalar

Vətən sevgisinin təzahürü olan “Qarabağ-Kişineu” futbol komandası VİDEO

Kişineu, 24 may, AZƏRTAC
Qarabağ adı Moldovada yaşayan soydaşlarımız tərəfindən sevilərək yaşadılır. 2020-ci ilin oktyabrın 18-də yaradılan “Qarabağ- Kişineu” futbol komandasının formalaşdırılmasını həm də Vətən sevgisinin təzahürü kimi qiymətləndirmək olar. Minifutbol üzrə həvəskarlar liqasından mübarizəyə başlayan “Qarabağ-Kişineu”nun hədəfi növbəti mövsümlərdə daha yüksək liqalara vəsiqə qazanmaqdır.
Klubun təsisçisi, Moldova Azərbaycanlıları Konqresinin üzvü Ramil Adıgözəlov AZƏRTAC-a açıqlamasında bildirib ki, komandanın məhz Qarabağ uğrunda gedən Vətən müharibəsi günlərində yaradılması təsadüfi deyil. O deyib: “Komandanı təsis etməklə Qarabağ həqiqətlərinin Moldova cəmiyyətinə çatdırılmasına töhfə vermək istədik. Heyət həm azərbaycanlı, həm də yerli futbolçulardan ibarətdir. Elə əsas məqsədimiz də idman nəticələri deyil, iki xalq arasındakı həmrəyliyi möhkəmləndirməkdir. İstəyimiz tribunalarda əksini tapır. Hər oyunumuzda, həm moldovalı həm də azərbaycanlı azarkeşləri görmək xoşdur. Artıq Moldova televiziyaları da bu məsələyə biganə deyillər. Komanda haqqında maraqlı reportajlar tamaşaçılara təqdim olunub. Komandanın inkişaf etməsində başda Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov olmaqla diasporumuzun böyük xidməti var. Bəzi futbolçuları ayrıca qeyd etmək istərdim. Qapıçımız Abidov Tural mövsümün sonunda böyük rol oynadı. Komandanın ruhu, moldovalılarla azərbaycanlıları bir araya gətirən ən xarizmatik oyunçu kimi Cəbrayılov Səbuhini də qeyd etmək istərdim", - deyə Ramil Adıgözəlov əlavə edib.
“Qarabağ-Kişineu” komandasının həvəskarlar liqasının 2021-2022-ci il mövsümündə turnir cədvəlinin 2-ci pilləsində yer aldığını qeyd edən klub təsisçisi deyib: “Ağır yol keçdik, nəticədən razıyıq, ancaq növbəti mövsümdə çempion olmaq istəyirik. Hətta hədəf olaraq məqsədimiz növbəti mövsümlərdə daha yüksək liqalara vəsiqə qazanmaqdır. Bundan başqa beynəlxalq turnirlərə də qatılmaq planımız var".

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

İdman 2022-05-24 10:38:00

Video