×
A
A
A
Sazlamalar

Qurban Qurbanov: Futbolumuzun inkişafı üçün böyük addımlar atılmalıdır

Bakı, 23 may, AZƏRTAC

Hamının uşaqlıq arzusu "Neftçi"nin əsas komandasına düşmək idi. Sonda mən də buna nail oldum.
AZƏRTAC xəbər verir ki, bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Məşqçilərimizi tanıyaq” layihəsi ilə bağlı keçirilən görüşdən sonra jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, “Məşqçilərimizi tanıyaq” çox gözəl layihədir: “Mənə belə bir layihənin olduğunu bildirmişdi, lakin bu qədər maraqlı alınacağını gözləmirdim. Düşünürəm ki, bəlkə hazırlıqlı olsaydım, öz fikirlərimi daha ətraflı bildirə bilərdim. Görüşdə maraqlı suallar verildi və ətraflı diskussiya aparıldı”.
Son vaxtlar gənclərə xüsusi diqqət göstərildiyini, belə görüşlərin daha çox təşkil edilməsi üçün bir sira işlərin görüldüyünü bildirən mütəxəssis qeyd edib ki, gənclər də öz növbəsində tanınmış insanlar, mütəxəssislərlə görüşmək və onları dinləməyə maraq göstərirlər: “Gələcəyimiz olan gənclərin fiziki və mənəvi cəhətdən sağlam olmasında böyük rol oynayan idmanın inkişafı, onun təbliği çox vacibdir. Belə tədbirlərin keçirilməsi, əlbəttə ki, Azərbaycan gəncliyinə göstərilən diqqətin nəticəsidir. Düzü, tədbirlərə qatılmağı bir o qədər də xoşlamıram. Amma belə bir görüşdə iştirak mənim üçün çox xoş oldu, sanki gənclik illərimə qayıtdım”.
“Kiçik uğurlar böyük nailiyyətlərin təməlini qoyur. Bunları əldə edəndə başa düşürdüm ki, daha yaxşılarını bacara bilərəm. Həm futbolçu, həm də məşqçi karyeramda maraqlı anlar olub. Futbolçu olduğum vaxtlarda Serbiya və Monteneqro ilə matçları qeyd edə bilərəm. Baş məşqçi karyeramda Norveçin "Rusenborq" komandası ilə görüş unudulmaz təəssüratlarla yaddaşımda qalıb. Səfərdə bərabərə qalmışdıq, cavab matçı isə Ağdamın işğal gününə təsadüf edirdi. Həmin gün həyatımı verməyə hazır idim. Həmin qarşılaşma yaddaşımdan çıxmayacaq. “Qarabağ” 1:0 hesablı qələbə qazandı. İnsanların bu qədər sevindiyini heç düşünməzdim. Bu qarşılaşmanı həyatımın ən böyük uğuru hesab edirəm".
Q.Qurbanov futbol sahəsində çatışmazlıqların və problemlərin olduğunu söyləyib: “Futbolumuzun inkişafı üçün böyük addımlar atılmalı, bütün klublar və milli assosiasiyalarda iş prinsipi dəyişilməlidir”.

İdman 2022-05-23 19:18:00