×
A
A
A
Sazlamalar

YAP Gənclər Birliyinin nümayəndə heyəti Adana şəhərində keçirilən “Bir Gençlik Şöleni”ndə iştirak edib

Bakı, 23 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 20-22-də Türkiyədə səfərdə olub.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyənin Adana şəhərində Ədalət və İnkişaf Partiyasının (AK Parti) Gənclik Qollarının sədri Eyyüp Kadir İnan, Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, millət vəkilləri, AK Partinin nümayəndələri, o cümlədən 22 xarici ölkənin siyasi partiyalarının gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyəti göstərilən qonaqpərvərliyə və dəvətə görə AK Parti rəhbərliyinə minnətdarlığını bildirib.
Həmçinin YAP Gənclər Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyədən, o cümlədən dünyanın müxtəlif ölkələrindən 150 mindən çox gəncin iştirak etdiyi Adana şəhərində keçirilən “Bir Gençlik Şöleni”inə qatılıb.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində YAP Gənclər Birliyinin sədr müavinləri Fəsli Nəbiyev, Sevinc Qasımova, üzvlər - Ülviyyə Axundova, Emil Aslanlı təmsil olunub.

Mədəniyyət 2022-05-23 19:10:00