×
A
A
A
Sazlamalar

“Azəriqaz”ın baş direktoru Şəkidə sakinlərlə görüşüb

Bakı, 23 may, AZƏRTAC

Dövlətimizin başçısının müvafiq çağırış və göstərişinə əsasən “Azəriqaz” İstehsalat Birliyi olaraq regionlarda vətəndaşlarla görüşlər keçirərək, sizlərin qaz təsərrüfatına dair problemlərinizin həlli istiqamətində lazımi işlər görürük.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birliyin baş direktoru Ruslan Əliyev Şəki şəhərində vətəndaşlarla keçirilən görüşdə bildirib. Qəbulda Şəki sakinləri ilə yanaşı, Qax, Zaqatala və Oğuz rayonlarından da qatılan sakinlərin problem və təklifləri dinlənilib. Müraciətlər zamanı fərdi qazlaşma, yaşayış məntəqələrinə və yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, qapı keçidinin quraşdırılması, işə qəbul və digər məsələlərə toxunulub.
Ruslan Əliyev görüşdə iştirak edən 50-dək vətəndaşı fərdi olaraq dinləyib, qaldırılan məsələlərin həlli barədə Birliyin Zaqatala Regional Qaz İstismarı İdarəsinin, habelə Regional İdarənin tabeliyində olan xidmət sahələrinin müvafiq struktur rəhbər şəxslərinə göstəriş verib. Vətəndaşların qəbul zamanı səsləndirdikləri bir sıra problemlər yerindəcə həllini tapıb. Görüşdə sakinlərlə yanaşı, sahibkarlar da iştirak ediblər. Onlar da üzləşdikləri çətinliklərin həlli istiqamətində köməklik edilməsini xahiş ediblər. Daxil olan bütün müraciətlər qeydiyyata alınıb.
Vətəndaşlar qaz təchizatı ilə bağlı problemlərinin birbaşa Birlik rəhbəri tərəfindən dinlənildiyinə, onlara göstərilən diqqət və qayğıya görə “Azəriqaz”ın baş direktoruna təşəkkür ediblər. Baş direktor, həmçinin bu cür görüşlərin bundan sonra da davam edəcəyini söyləyib.

Regionlar 2022-05-23 18:32:00